Ken Conq
Aktyor
Kendrik Conq Qanco 13 iyul 1969-cu ildə ABŞ-ın Miçiqan ştatının Detroyt şəhərində cənubi-koreyalı mühacirlərin ailəsində anadan olub. Uşaqlığı Şimali Karolinanın Qrinsboro şəhərində keçib, Uolter Hayns adına orta məktəbi bitirib. Şagird olduğu illərdə məktəb orkestrində skripkada ifa edib, şagird şurasının üzvü olub. 16 yaşında təhsilini fərqlənmə ilə başa vurub, "Greensboro's Youth of the Month Award" mükafatına layiq görülüb. 1990-cı ildə “Dük Universiteti”ni bitirib. 1995-ci ildə Şimali Karolina Universitetinin Tibb Məktəbində tibb doktoru elmi dərəcəsini alıb. Kinoda debütünü Cad Apatounun “Bir az hamilə” (Knocked Up) komediyasında gerçəkləşdirib. Həmin film onun karyerasında dönüş nöqtəsi olub. Çoxsaylı kino və televiziya layihələrinə təkliflərin gəlməsindən sonra həkimlik sənətindən ayrılıb. Daha sonra “Ananas ekspressi”, “Stiv haqqında hər şey”, “Satıcı”, “Məhəbbət formulası”, “Mənim Zooparkdan olan sevgilim”, “Transformerlər 3: Ayın qaranlıq tərəfi”, “Veqasda toy axşamı”, “Toy axşamı 2: Veqasdan Banqkoka”, “Toy axşamı 3” filmlərinə çəkilir. 2010-cu ildə “Veqasda Toy axşamı” filmində oynadığı rola görə MTV Movie & TV Awards mükafatına namizəd olur. “Ən yaxşı antaqonist obraz” və “Best WTF Moment” nominasiyasında qalib olur. 2010-cu ilin payızında Conq “Adidas” şirkətinin marketinq kampaniyası çərçivəsində NBA ulduzları Duayt Hovard və Derrik Rouzla reklam çarxına çəkilib. 22 may 2011-ci ildə Amerika Ürək Assosiasiyasının «Hands Only CPR” maarifləndirmə kampaniyasında iştirak edib. “Alovlu məhəbbət” serialında oynadığı rola görə "Streamy Award" mükafatını qazanıb. 2013-cü ildə “Qan və tər İçində” filmində motivasiya üzrə təlimatçı Conni Vu roluna çəkilib. Aktyor sənətinə qədəm qoymazdan əvvəl peşəkar həkim olub. ABC-nin "Doktor Ken" komediya serialında baş rolu oynayıb. Eyni zamanda serialın yaradıcısı, ssenaristi və icraçı prodüseri sayılır. Conq tibbi fəaliyyət üçün lisenziyası olan həkimdir. Ancaq aktyor karyerası ilə əlaqədar həkimliyin daşını atıb. Conq Vyetnam əsilli həkim Çan Xo ilə evlidir. Həyat yoldaşı bir müddət əvvəl döş xərçəngindən əziyyət çəksə də, sonradan sağalıb. Cütlüyün 2007-ci il təvəllüdlü əkiz qızları var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Ken_Jeong