Qiyom De Tonkedek
Aktyor
Qiyom Emmanuel Mari de Konqo de Tonkedek 18 oktyabr 1966-cı ildə Parisdə anadan olub, uşaqlığı Luvesyendə çoxuşaqlı ailədə keçib. Anası daşınmaz əmlak üzrə agent, atası mühəndis olub. İki il ərzində “Maubel” studiyasında aktyorluq sənətini öyrənib. Daha sonra Versal konservatoriyasında oxuyub. 1986-cı ildə “Floran” kurslarına gedib, ardınca Parisdə Milli Dram İncəsənəti Konservatoriyasına daxil olub. 1989-cu ildə ali təhsil ocağını bitirərək iqtisadiyyat üzrə bakalavr dərəcəsi əldə edib. Kinoda debütünü Tonkedek 1986-cı ildə gerçəkləşdirib. Rejissor Pyer Qranye-Deferin “Fərdi dərslər” filmində ilk rolunu alıb. Elə həmin il rejissor Fransis Yusterin “Çarli Spenserin oğurlanması” filminə çəkilib. 1992-ci ildə Tonkedek Şarl Nemesin “Müharibədə ölənlərin siyahısı” filmində ilk baş rolunu alıb və Jülyen Marten obrazını yaradıb. Tezliklə məşhurlaşan aktyor kino ilə yanaşı televiziya layihələrinə də yol tapıb. “Komissar Kordye” serialının 10 epizoduna – Tomas Sorensen roluna çəkilib, “Yaxşı və pisin fərqi” (2007) teleserialında isə Lepik ailəsinin başçısı rolunda çıxış edib. 2013-cü ildə Qiyom de Tonkedek “Ad” komediyasında oynadığı rola görə ən yaxşı ikinci plan aktyoru nominasiyasında “Sezar” mükafatı ilə təltif olunub. Aktyor tez-tez teatr səhnəsinə çıxır. 2015-ci ilin yanvar ayında Fransanın Ədəbiyyat və İncəsənət ordeninin kavaleri titulunu qazanıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: