Qeri Ross

Qeri Ross

Ssenarist, prodüser, rejissor

BİOQRAFİYA

Qeri Ross 3 noyabr 1956-cı ildə Los-Ancelesdə (ABŞ) anadan olub. Atası tanınmış ssenarist, “Oskar” mükafatı nominantı Artur A.Rossdur. Valideynləri yəhudi əsillidir. Ali təhsilini Pensilvaniya Universitetində kino və sosial tarix üzrə alıb. Paralel olaraq Stella Adlarerin “emalatxanasında” aktyor sənəti üzrə kurslara yazılıb. Ancaq sonradan universitetdə təhsilini yarımçıq buraxır və balıqçı peşəsinə girişməklə dostları və ailəsini mat-məəttəl qoyur. Lakin balıqçı fəaliyyəti də uzun çəkməyib. Çox keçmədən yazıçı və ssenarist fəaliyyətinə geri qayıdıb. Kinokaryerasına qədəm qoymazdan əvvəl ciddi şəkildə siyasi sferaya baş vurub. 1972-ci ildə konqresmen vəzifəsində çalışıb. 1980-ci ildə isə Edvard Kennedinin prezident seçkiləri ilə bağlı kampaniyasında iştirak edib. Bir sıra demokrat siyasətçilər o cümlədən Bill Klinton, Maykl Dukakis və digərləri üçün nitqlər və zarafatlar yazır. Rejissor karyerasına 1998-ci ildə başlayıb. Yarı ağ-qara, yarı rəngli “Plezantvil” adlı elmi-fantastik filmi böyük ekranlara çıxıb. Riz Uizerspun, Tobi Makquayr, Uilyam X.Meysi və Coan Allenin çəkildiyi filmin ssenaristi və prodüseri də özü olub. Sözügedən lent 3 nominasiyada “Oskar” mükafatına namizəd olub. 2 “Saturn” mükafatı ilə təltif edilib. Ən yaxşı ssenari nominasiyasında “Qızıl peyk” mükafatına layiq görülüb. 2003-cü ildə atçılıq idman növü haqqında “Favorit” adlı filmi ekranlara çıxıb. Baş rola yenə də Tobi Makquayrı çəkib. Film yeddi kateqoriyada “Oskar” mükafatına namizəd olub. Daha sonra Ross The New York Times Best Seller kitab reytinqinə sərasət 130 həftə başçılıq etmiş Süzan Kollinzin “Aclıq oyunları” trilogiyasından ilk romanın adaptasiyası və rejissurasını öz üzərinə götürür. Cennifer Lourens, Coş Hatçerson, Liam Hemsvort, Vudi Harrelson, Donald Sazerlend, Stenli TUççi, Elizabet Benksin baş rollara çəkildiyi ekran əsərinin premyerası 2012-ci ilin mart ayında baş tutub. Tənqidçi və tamaşaçı rəğbəti qazanan film dünya kassalarından 700 milyon dollara yaxın gəlir götürür. Nailiyyətlərə baxmayaraq saqanın növbəti hissələrini lentə almaqdan imtina edib. Şəxsi həyatına gəlincə 90-cı illərin əvvəlindən keçmiş ABŞ dövlət başçısı Cimmi Karterin administrasiyasında çalışmış Ellison Tomasla faktiki nikahdadır. Cütlüyün birgə nikahdan 1995-ci il təvəllüdlü əkiz qız və oğlu var. Dördqat “Oskar” mükafatı namizədidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/gary_gerross/

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç