Odri Totu
Aktrisa
Odri Jüstin Totu 9 avqust 1976-cı ildə Fransanın Bomon şəhərində anadan olub. Atası Bernar Totu həkim stomatoloq, anası Evelin maarifləndirmə üzrə assosiasiyanın üzvü olub. Uşaqlığında Odri biologiya ilə məşğul olub. Ancaq valideynləri onun oxuduğu litseydə əlavə dərnək olaraq açılan teatr sənəti məşğələlərinə yazılmasına israr edib. Litseyi bitirdikdən sonra ata-anası onu “Cours Florent” adlı Paris teatr məktəbinə iki həftəlik kursa yollayır. Odri fortepiano və qoboy üzrə musiqi məktəbini bitirib. Alman və ingilis dillərində danışa bilir (doğma fransız dilindən savayı). Aktyorluq kurslarına daxil olduqdan sonra həyatını teatr və kinoya həsr edib. Parisə köçdükdən sonra oxumaqla yanaşı, yaşayış xərclərinin öhdəsindən gəlmək üçün katibə işləyir .Daha sonra TF1 telekanalında yayımlanan, Jüli Lesko adlı xəfiyyə haqqında detektiv teleseriala epizodik rola çəkilir. Debüt rolunu isə “Şikarın ürəyi” televiziya filmində oynayıb. Rejissorların diqqətini cəlb edən aktrisa tezliklə bir çox telefilm və seriallara dəvət alır. 1998-ci ildə gənc fitri-istedadların müsabiqəsində qalib olur. Bunun sayəsində 1999-cu ildə Toni Marşallın “Venera - gözəllik salonu” adlı filmdə ilk nəzərəçarpan rolunu oynayır. Həmin filmdən sonra tənqidçilərin rəğbətini qazanan aktrisanın karyerasında tərəqqi dövrü başlayıb. “Süzanna Byanketti adına mükafatın” münsiflər heyəti onu əsas prizlə təltif edib. Onun dünya kinosunda tanınmasına isə 2001-ci ildə böyük ekranlara çıxan “Ameli” adlı filmdəki rolu təkan verib. Rejissor Jan Pyer Jönenin çəkdiyi filmin bir çox ölkələrdə ictimai həyata və dəbə böyük nüfuzu olub, xüsusilə Yaponiyada. Minlərlə Valideyn yeni doğulan körpələrinə Totonun oynadığı baş qəhrəman “Ameli”nin adını verib. Filmdəki “İki dəyirman” kafesi həqiqətən Monmartredə fəaliyyət göstərir və filmin ekranlara çıxmasından sonra Fransanın ən populyar turistik obyektlərindən birinə çevrilib. “Pərvanə qanad açır” adlı filmi isə çoxları tərəfindən “Ameli”nin sikveli kimi qələmə verilir. Halbuki yeri gələndə film "Ameli"dən iki il əvvəl çəkilib. 2004-cü ildə Totu Jönenin başqa bir filminə - “Uzun çəkən evlilik” filminə çəkilib. Növbəti böyük rolu 2006-cı ildə çəkilən və katolik kilsənin bostanın daş atdığına görə bir çox ölkələrin kinoteatrlarında yayımı qadağan edilən “Da Vinçi kodu” filminə Tom Henkslə birlikdə baş rola çəkilib. 2009-cu ildə Totu moda əfsanəsi Koko Şanel haqqında bioqrafik dramda baş rola (Şanel) çəkilib. Bundan sonra Nikol Kidmanı rəqabətdən sıxışdırıb çıxararaq, Fransanın məşhur ətir markasının (Chanel No.5) rəsmi siması olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: