Enq Li
Rejissor
Enq Li 23 oktyabr 1954-cü ildə Pindunda (Cənubi Tayvan) anadan olub. 1975-ci ildə yerli kolleci bitirib və hərbi xidməti başa vurub. Təhsilini davam etdirmək üçün Li ABŞ-a köçür və İllinoys Universitetində teatr sənəti üzrə bakalavr dərəcəsi, ardınca isə Nyu-York Universitetinin kino istehsalı ixtisası üzrə magistr dərəcəsi əldə edir. Enq Linin ilk kino təcrübəsi Nyu-Yorkda təhsil aldığı müddətə təsadüf edir. Onun qısametrajlı debütü “Göl kölgələri” (1982) Tayvanda keçirilən festivalda mükafata layiq görülür. 1983-cü ildə Enq Li hal-hazırda Amerika müstəqil kinosunun liderlərindən biri olan qrup yoldaşı Spayk Linin diplom filmində assistent qismində çıxış edir. Linin diplom işi 41 dəqiqəlik “Nazik xətt” (1984) dramı Nyu-York Universitetinin tələbə filmləri festivalında ən yaxşı film seçilir və rejissor işinə görə mükafata layiq görülür. Tələbə vaxtı çəkdiyi filmlərin uğurlu olmasına baxmayaraq Enq Li altı il ərzində işsiz qalır. Nəhayət 1990-cı ildə onun iki ssenarisi Tayvan hakimiyyəti tərəfindən təşkil olunan müsabiqədə qalib gəlir. Qalibiyyət onun peşəkar rejissor karyerasına start verir. İki dəfə Berlin kinofestivalının “Qızıl ayı” mükafatının (1993, 1996), iki dəfə Venesiya kinofestivalının “Qızıl şir” mükafatının (2005, 2007) sahibidir. Ən yaxşı xarici film (“Oturan pələng, gizlənən əjdaha”) nominasiyası üzrə və ən yaxşı rejissor işinə (“Qozbel dağ”, “Pinin həyatı”) görə “Qızıl Qlobus” (2001, 2006) və “Oskar” (2000, 2006, 2013) mükafatı laureatı olub. Enq Linin ən məşhur layihəsi – “Ağıl və hiss” tarixi melodramı, "Oturan pələng, gizlənən əjdaha” (2000) macərə, “Qozbel dağ” (2005) dramı və “Pinin həyatı” (2012) macərə filmləridir. Enq Linin tammetrajlı debüt filmi “İtələyən əllər” (1992) olub. Tayvanın ikinci dərəcəli Brilyant ulduz ordeni kavaleridir.