Fabris Dü Vels
Rejissor, ssenarist, prodüser
Fabris Dü Vels 21 oktyabr 1972-ci ildə Belçikada anadan olub. İbtidai və orta təhsilini Yezuit məktəbində alıb. Daha sonra iki il, Lyej şəhərinin Dram İncəsənət Konservatoriyasında aktyorluq üzrə təhsil alıb. Ardınca Brüsselin film məktəbində bir il oxuyub. 1990-cı illərin əvvəllərində "Super 8" studiyasında bir çox filmləri lentə alıb, “Canal+” üçün yumoristik teleşoulara ssenarilər yazıb (“Böyük ailə” və “Nulle Part Ailleurs” şousu). 1999-cu ildə çəkdiyi “Möhtəşəm Sevgi” adlı qısametrajlı filmi “Cerardmer Festivalında” Qran-pri mükafatının qalibi olub. 2004-cü ildə “İztirablar” adlı ilk bədii tammetrajlı filmini lentlə alır. Baş rollara Loren Lukas və Ceki Berroyerin çəkildiyi film 2005-ci ildə Kann Kinofestivalında Tənqidçilərin Həftəsi rubrikasında nümayiş olunub. 2007-ci ildə “Vinyan” adlı bədii filmi ekranlara çıxıb. Taylandda çəkilmiş film, 2008-ci ildə Venesiya Kinofestivalının rəsmi müsabiqəsinə daxil edilib. 2012-ci ildə Fəthi Bəddiyarın yazdığı ssenari əsasında “Kolt 45” adlı kəskin süjetli döyüş filmi böyük ekranlara çıxıb. Filmdə baş rollara Jerar Lanven və Coi Starr çəkilib. Filmin büdcəsi kasad olduğundan çəkiliş zamanı bəzi bahalı və ya xüsusi effektlər tələb edən səhnələr çıxarılıb. Həmçinin çəkiliş prosesində baş rollara çəkilən aktyorlarla rejissor və prodüser arasında ixtilaflar yaşanıb. İş o həddə çatıb ki, aktyorlar filmə çəkilməkdən imtina etmək fikrinə gəliblər. Buna baxmayaraq sonradan problem həllini tapıb, lent böyük ekranlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: