Martin Şin
Aktyor, prodüser
Martin Şin 3 avqust 1940 ABŞ-ın Ohayo ştatının Deyton şəhərində anadan olub. Atası İspaniya, anası İrlandiyadan olan mühacirlər olub. Anası istiqlal müharibəsi zamanı İrlandiyanı tərk edib, Şinin doğma dayısı İrlandiya Respublika Ordusu təşkilatının döyüşçüsü olub və Britaniya məhkəməsi tərəfindən mühakimə olunaraq həbs cəzası alıb. Gələcək aktyor ailənin 10 övladından yeddincisi olub. Martinin 11 yaşı olanda anası vəfat edib. ABŞ-a köçməzdən əvvəl Esteveslər ailəsi Bermud adalarında yaşayıb. Şinin atası IBM şirkətinin kassa aparatları üzrə mütəxəssisi olub. Martin Şin bacı-qardaşları arasında Amerikada doğulmuş ilk övlad olub. Katolikdir, katolik orta məktəbini bitirib. Frensis Ford Kopollanın “Apokalipsis bu gün” filmində oynadığı baş rolla məşhurlaşıb. Karyerası ərzində Riçard Attenboro, Frensis Ford Koppola, Terrens Malik, Maykl Nikols, Martin Skorseze, Stiven Spilberq və Oliver Stoun kimi görkəmli kinorejissorlarla işləyib. “Emmi” və “Qızıl Qlobus” mükafatlarının namizədidir. Martin Şin təxəllüsünü 50-ci illərdə televiziyada öz çıxışları ilə populyar olan katolik arxiyepiskop Con Şinə hörmət olaraq götürüb. Şin aktyorluqdan savayı həm də ictimai fəaldır. İnsan haqlarının müdafiəsi ilə bağlı və müharibələrə qarşı aksiyalarda iştirak edir. ABŞ-la yanaşı İrlandiyanın da vətəndaşıdır. 1961-ci ildən Canet Templtonla evlidir. Onların üç oğlu və bir qızı var. Şin öz aktyor sülaləsinin banisidir, belə ki, 1962-ci il təvəllüdlü oğlu Emilio Esteves aktyor və rejissor, 1963-cü il təvəllüdlü Ramon Esteves aktyor və rejissor, 1965-ci il təvəllüdlü Çarli Şin aktyor, 1967-ci il təvəllüdlü Rene Esteves aktrisadır. Kiçik qardaşı Co Esteves də aktyorluqla məşğuldur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B0%D1%80%D...