Ben Luin
Rejissor, ssenarist, prodüser
Ben Luin 6 avqust 1946-cı ildə Polşada anadan olub. Uşaq yaşlarında ailəsi Avstraliyanın Melburn şəhərinə köçüb. Azyaşlı olanda poliomielitdən əziyyət çəkib, fiziki qüsurlu olduğundan həyatının böyük hissəsini əsada gəzməli olub. Buna baxmayaraq gələcək rejissor, hüquqşünaslıq üzrə ali təhsil alır, daha sonra istiqamətini dəyişərək kino və televiziya sahəsinə meyl salır. Luinin debüt işi 1967-ci ildə yayımlanan “ITV: Teatr” teleserialı sayılır. Daha sonra bir sıra televiziya layihələri, o cümlədən, “Britaniyaya xoş gəlmişsiniz”, “Rahatlıq məsələsi” və “Mələyin toxunuşu” kimi layihələrdə iştirak edib. 1988-ci ildə “Corciya” adlı ilk tammetrajlı filmi ekranlara çıxıb. Ardınca “Xidmətlər, saatlar və çox böyük balı” və “Xoşbəxt dönüş” adlı filmləri lentə alıb. 1997-ci ildə Luinin karyerasında sürətli tərəqqi dövrü başlayıb. Həmin vaxt “Elli Makbil” adlı komediya serialı üzərində çalışıb. Serial şəxsi həyatını qaydasına salmağa çalışan və hər zaman axmaq vəziyyətlərə düşən gənc sadəlövh vəkil qadından bəhs edir. Ölkəsində qadın tamaşaçıların, xüsusilə femministlərin narazılığına səbəb olsa da (vəkil qadınların məsxərəyə qoyulduğunu iddia edirdilər), ABŞ-da kifayət qədər populyarlıq qazanıb. 2012-ci ildə 38 yaşına qədər bakir qalan və uşaqlıqdan iflic olan şairin hekayəsini danışan “Surroqat” filmini çəkib. 2016-cı ildə “Deməyə söz yoxdur” adlı növbəti serialına rejissorluq edir. 2018-ci ildə isə tarixi-bioqrafik mövzuda olan, ikinci dünya müharibəsində aparılan məxfi əməliyyatlardan bəhs edən “Casus Oyunu” filmi ekranlara çıxıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: