Şeron Stoun

Şeron Stoun

Aktrisa, prodüser

BİOQRAFİYA

Şeron İvonn Stoun 10 mart 1958-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Midvill şəhərində doğulub. 1975-ci ildə orta məktəbi bitirib. İnstituta daxil olduqdan sonra paralel olaraq gözəllik müsabiqələrinə qatılıb. Tezliklə Fordun model agentliyindən müqavilə bağlamaq təklifini qəbul edir. Paris və Milanı fəth etməyə yollanır. Model karyerasını başa vurduqdan sonra Nyu-Yorka köçür və orada Vudi Allenin “Ulduz tozu haqqında xatirələr” filmində epizodik rolla aktrisa debütünü edir. Ardınca bir sıra seriallara dəvət alır. “Əsas instinkt” (1992), “Kazino” (1995), “Cəld və ölü” (1995), “Gümüş” (1993) filmlərində oynadığı rollarla məşhurlaşıb. Bundan başqa, “Yolverilməz ziddiyyətlər”, “Süleyman şahın mədənləri” filmlərində rol alıb. Bir müddət sonra bir sıra Hollivud blokbasterlərində Stiven Siqalın (“Qanundan ali” filmində), Arnold Şvartseneggerin (“Hər şeyi xatırlamalı” filmində), Silvestr Stallonenin (“Mütəxəssis” filmində) qəhrəmanlarının sevgilisi rolunu oynayır. Karyerasının zirvəsində Maykl Duqlasla baş rola çəkildiyi “Əsas instinkt” filmi durur. Bundan başqa, Martin Skorsezenin “Kazino” filmi az əlamətdar olmayıb. Oynadığı rola görə “Qızıl Qlobus” mükafatına layiq görülüb və “Oskar”a namizəd olub. Robert de Nironun çəkildiyi filmdə baş qəhrəmanın şıltaq, gəzəyən və narkoman həyat yoldaşını oynayır. Şəxsi həyatına gəlincə, 1984-cü ildə “Las-Veqasda müharibə” filminin çəkilişlərində televiziya prodüseri Maykl Qrinburqla tanış olur. Onlar elə həmin il evlənirlər. İzdivacın ömrü çox çəkmir. 1990-cı ildə rəsmi qaydada boşansalar da, 1989-cu ildən ayrı yaşayıblar. 1993-cü ildə “Gümüş” filminin çəkilişləri zamanı prodüser Uilyam C. Makdonaldla tanış olub. Ona görə Makdonald həyat yoldaşını atıb və Stounla nişanlanıb. Ancaq bir ildən sonra ayrılıblar. Ayrıldıqdan sonra bəxt üzüyünü Makdonalda poçtla göndərib. “Çevik və ölü” filminin çəkilişləri zamanı Stoun və rejissor assistenti Bob Vaqner arasında sevgi yaşanır. Onlar bir müddət nişanlı qalsalar da, sonradan münasibətlərini rəsmiləşdirməyiblər. 14 fevral 1998-ci ildə Stoun “San Fransisco Chronicle” qəzetinin prezidenti və redaktoru Fil Bronşteynə ərə gedib. 2000-ci ildə onlar Roen Cozef Bronşteyn adlandırdıqları oğlan uşağını övladlığa götürüblər. 2003-cü ildə Bronşteyn tərəflər arasında güzəştsiz ixtilafların olduğunu əsas gətirərək boşanmaq üçün məhkəməyə müraciət edib. 2004-cü ildə nikaha xitam verilib və uşağın qəyyumluğu atasına verilib. Stoun 2005 və 2006-cı illərdə daha iki uşağı övladlığa götürüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sharon_Stone

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç