Kristian Alvart
Rejissor, prodüser, ssenarist
Kristian Alvart 28 may 1974-cü ildə Almaniyanın Zehaym-Yuqenhaym şəhərində anadan olub. Alman kinorejissor və ssenaristdir. Ultra-mühafizəkar xristianların əhatəsində böyüdüyündən, ailəsi kino və televizora baxmağına icazə verməyib. Ona görə də nadir hallarda kinoya baxıb. Ancaq bu qadağa onda kinoya böyük maraq oyadır. Bir çox filmlərə baxmasa belə, onun haqqında əldə etdiyi bilgilər sayəsində dostları arasında kino “eksperti” olub. Əsasında filmlər çəkilən romanları oxuyub, geniş resenziyaları təhlil edib. Kinolara baxmaq imkanı yarandıqda isə mütəmadi olaraq, həftədə 6 dəfə kinoteatra gedib. 1990-cı ildə dostları ilə qısametrajlı filmlər çəkməyə başlayıb. Onlar hobbi-kinematoqrafiya və kinobazlar cəmiyyətinin üzvü olublar. 19 yaşı olanda X-TRO Filmmagazin kinojurnalının redaktoru və dizayneri vəzifəsinə götürülüb. Çox keçmədən baş redaktor vəzifəsinə yüksəlib və köşə yazıları, məqalələr yazmaq imkanı əldə edib. 1997-ci ildə yenidən öz filmlərini çəkmək qərarına gəlib. “Syrreal Entertainment” adlı öz şirkət yaradıb və Berlinə köçüb. Peşəkar səviyyədə kino çəkilişi prosesi ilə tanış olmaq üçün bir müddət kuryer işləyib, çox keçmədən iki filmdə rejissor köməkçisi olub. 1998-ci ildə ilk kiçik büdcəli filmi “Burnunu hər yerə soxan pişik” filminə rejissorluq və prodüserlik edib. Film 35 mm kinolentinə yazılıb və rollarda daha çox Frankfurtdan olan dostları çəkilib. Triller uğurlu alınıb və “Max-Ophüls-Award”, “Prize of the Minister President of the State Saarland” kimi mükafatlara layiq görülüb. 2005-ci ildə rejissor ikinci trilleri – “Antitel” bədii filmini ərsəyə gətirir. Rejissor daha çox “Pandorum” (2009), “39 nömrəli iş” (2009) və “Antitel” (2005) filmləri ilə tanınır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%BB%D1%8C%D0%B2%D0%B0%D1%80%D1%82,_%D0%9A%D1%80%D0%B8%D1%81%D1%82%D0%B8%D0%B0%D0%BD