Şarliz Teron

Şarliz Teron

Aktrisa, model, prodüser

BİOQRAFİYA

Şarliz Teron 7 avqust 1975-ci ildə Cənubi Afrika Respublikasının (CAR) Benoni şəhərində anadan olub. Aktrisanın uşaqlığı valideynlərinin Yohannesburqda şəhər kənarında yerləşən fermasında keçib. Altı yaşı olanda balet öyrənməyə başlayır. 13 yaşında isə Yohannesburqda Milli İncəsənət məktəbində balet dərslərinə davam edir. 16 yaşlı Şarliz yerli model müsabiqəsində qalib gəldikdən sonra beynəlxalq müsabiqədə iştirak etmək üçün İtaliyaya yollanır və qalib gələn Teron Milanın model agentliklərindən biri ilə birillik müqavilə bağlayır. Avropanı gəzən aktirsa Nyu-Yorka getdikdən sonra oradan getmək istəmir. Həmin dövrdə model biznesinə olan həvəsi artıq keçib gedir. Ona görə də "Joffrey Ballet" truppasına qoşulur. Lakin tezliklə dizindən aldığı zədəyə görə balerina karyerasına son qoymalı olur. Beləliklə, seçim qarşısında qalır - ya CAR-a qayıtmalı, ya da xoşbəxtliyini Hollivudda tapmalıdır. Anası seçimində ona kömək edir və Los-Ancelesə birtərəfli bilet alır. Lakin burada da işləri yolunda getmir. Taleyin hökmü ilə, bankda olarkən, Şarlizi məşhur aktyor agentlərindən biri görür və onu aktyorluq dərnəyinə yazır. Tədricən epizodik rollara dəvət alır. İlk uğurlu rolu isə Al Paçino və Kianu Rivzlə tərəf müqabili olduğu “İblisin vəkili” filmi olur. Bu filmə çəkilmək üçün psixoterapevt məsləhətləri alır. Sonra Vudi Allenin “Məşhur”, “Qüdrətli Co Yanq", Conni Depplə “Astronavtın arvadı” kimi uğurlu filmlərdə çəkilir. Ardınca tənqidçilər tərəfindən yetərincə müsbət rəylər alan və "Oskar" mükafatına namizədlər siyahısında olan “Şərabçılıq qaydaları” dramında baş rollardan birini oynayır. Şarlizin karyerasında “Maral oyunları”, “Hərbi dalğıc”, “Bagger Vans əfsanəsi”, “Şirin noyabr”, “İtalyansayağı qarət” filmlərindəki rolları da yaddaqalan olub. Teronun karyerasının ən parlaq məqamı “Bədheybət” trillerində manyak qatil obrazını canlandırdıqdan sonra başlayır. Bu filmdəki roluna görə “Oskar”, “Qızıl Qlobus” mükafatlarına layiq görülür. Eyni zamanda, onu uğuruna görə Nelson Mandela şəxsən təbrik edir. Və o, Afrikada doğulan ilk "Oskar" alan aktrisa kimi tarixə düşür. Maraqlıdır ki, həmin il Teron "L'Oreal" firmasının reklam çarxına da çəkilir. Ümumiyyətlə, karyerası boyunca çox sayda reklamlarda çəkilib. Şarliz Teronun filmoqrafiyasına “Buludlar arasında”, “Şimal ölkəsi”, ”Henkok” blokbasteri kimi filmlər də daxildir. “Yol", “Prometey”, “Ağca və ovçu”, “Qara sirlər”, “Dəlisov Maks. Qəzəb yolu” son dövrlərdə aktrisanın filmoqrafiyasına əlavə olunan və yaddaqalan işləridir. Ş.Teronun 2017-ci ildə "Forsaj 8" filmində rolu ikinci dərəcəli olsa da, yaddaqalan olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/%C5%9Earliz_Teron

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç