Cey Baruşel
Aktyor, prodüser, ssenarist, rejissor, operator, montajçı
Cey Baruşel 9 aprel 1982-ci ildə Kanadanın Ottava şəhərində dünyaya göz açıb. Atası əntiq əşyaların satışı ilə məşğuldur, anası isə müstəqil jurnalist və yazıçı işləyib. Ata babası sefard yəhudisi olub. Həmçinin damarlarından fransız, italiyan və alman qanı axır. Uşaqlığının böyük hissəsini Monreal şəhərində keçirib. Təhsilini incəsənət təmayüllü məktəbdə alıb. Həmin orta məktəbi bitirdikdən sonra aktyor olmağa qərar verib. Aktyorun 1987-ci il təvəllüdlü Teylor adlı bacısı var. O, karyerasında ilk addımı “Qaranlıqdan qorxanlar üçün” uşaq qorxu serialında epizodik rolla olub. Bundan başqa həmin illərdə “Mənim əziz şəhərim” serialında kiçik rollar ifa edib. 1997-1998-ci illərdə “Uşaqlar üçün populyar mexanika” adlı verilişin aparıcısı olub. Daha sonra “Ən pis cadugər”, “Evi kim qazanacaq?” kimi seriallarda görünüb. 2000-ci ildə “Az qala məşhur” filmində Vik Manoz rolunu oynayıb. Ceyin karyerasında tramplin rolunu 2004-cü ildə “Bir milyonluq qız” idman-dram janrında olan “Oskar” mükafatlı filmdə oynayıb. Aktyor Morqan Friman, Klint İstvud, Hilari Suonk kimi ulduzlarla çiyin-çiyinə kamera qarşısına çıxıb. 2007-ci ildə “Bir az hamilə” və “Mənim adım Rid Fiş” kimi filmlərdə müxtəlif obrazları canlandırıb. 2008-ci ildə “Uğursuz əsgərlər” komediyasının çəkilişlərində Ben Stilerlə birgə iştirak edib. Eyni zamanda Stilerlə “Muzeydə gecə 2” komediyasına çəkilib. 2010-cu ildə Baruşel “Sehrbazın şagirdi” filmində baş rollardan birini ifa edir və elə həmin il böyük kassa uğuru qazanan “Əjdahanı necə ram etməli” cizgi filmində baş personajı səsləndirir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%B0%D1%80%D1%83%D1%88%D0%B5%D0%BB%D1%8C,_%D0%94%D0%B6%D0%B5%D0%B9