Cankarlo Esposito
Aktyor, prodüser
Cankarlo Esposito 26 aprel 1958-ci ildə Kopenhagen şəhərində (Danimarka) anadan olub. Amerikalı aktyor 2012-ci ildə “Emmi” mükafatına namizəd göstərilib. Hollivudun məşhur “Şöhrət xiyabanında” onun adını daşıyan ulduz var. Daha çox dünyanın ən çox baxılan teleseriallarından sayılan “Çətinliyə baş vuran” (Breaking bad – ingilis) serialında antaqonist Qustav Frinc obrazı ilə dünya şöhrəti qazanıb. Atası Neapoldan olan dülgərdir, anası afroamerikalı opera müğənnisidir. Uşaqlıq illərini Danimarkada keçirən aktyor, daha sonra ailəsi ilə birlikdə Nyu-Yorka köçüb. Adı çəkilən şəhərdə Elizabet Seton radio və televiziya fakültəsini bitirib. 1980-ci ildə teatrda ilk böyük rolunu almağa nail olur və Tennessi Uilyamsın “İsti damda oturan pişik” pyesinin afroamerika quruluşunda Kuper rolunu ifa edir. Kinoda debütü isə 1979-cu ildə “Qaçağan” filmində baş tutub. Həmçinin “Kotton klubu”, “Maksimal sürət”, “Yerdə bir gecə”, “Nyu-York kralı”, “Yaxşı həyat haqqında blüz” kimi filmlərdə ikinci dərəcəli rollarda oynayıb. Son illər ən yadda qalan rolları “Pinero” filmində Miqel Alqarin, avtobioqrafiq məzmunda olan “Əli” filmində qəhrəmanın atası rolları olub. “Çətinliyə baş vuran” serialından savayı, “Qanun və qayda”, “Xəfiyyə Neş Brics”, “Mayami Polisi” kimi məşhur ABŞ seriallarına da çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Giancarlo_Esposito