Barri Levinson
Rejissor, prodüser, ssenarist
Barri Levinson 6 aprel 1942-ci ildə ABŞ-ın Baltimor şəhərində doğulub. Valideynləri Rusiyadan ABŞ-a mühacirət edən yəhudi miqrantlardır. Vaşinqton şəhərində yerləşən Amerika universitetində ali təhsil alıb. Levinson öz karyerasına televiziya komediyalarına ssenari yazmaqla başlayıb, hal-hazırda da komik kinolar çəkməyə, ssenarilərini yazmağa və belə filmlərə prodüserlik etməyə davam edir. Maraqlıdır ki, ona şöhrət qazandıran kinofilmlər tamamilə yumordan uzaq olan drammatik ekran işləridir. Onun ilk tammetrajlı rejissor təcrübəsi əllinci illərin sonlarında böyüyüb başa çatan gənclərdən bəhs edən “Qəlyanaltı” (1982) filmidir. Debüt elə də böyük uğur qazanmasa da, Robin Uilyamsın baş rola çəkildiyi “Günaydın, Vyetnam” filmi və Dastin Hofmanın son dərəcə güclü hafizəsi olan autisti canlandırdığı “Yağış adam” filmi ilə dünya şöhrəti qazanıb. Bir sıra hollivud ulduzlarının çəkildiyi “Baqsi”, “İfşa”, “Yatanlar”, “Quldurlar” kimi məşhur Amerika filmlərinin rejissorudur. Kinofilmləri yüksək xüsusi effektləri ilə seçilmir. Orijinal rejissura ilə bağlı çərçivələrdən çıxan Barri filmlərində aktyorlara öz istedadlarını tam açmaq imkanı yaradır, bir növ sərbəstlik verir. Ciddi rejissor işlərində öz ssenarilərindən fərqli olaraq seçdiyi hekayələr adətən qeyri-banal və drammatik kolliziyalarla fərqlənir. Əksər hallarda çəkdiyi filmlərdəki hekayələr keçmişdə baş verir, bəzi kinoları isə həqiqi hadisələr əsasında lentə alınıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə:
https://en.wikipedia.org/wiki/Barry_Levinson