Ron Livinqston

Ron Livinqston

Aktyor, prodüser

BİOQRAFİYA

Ron Livinqston 5 iyun 1967-ci ildə Ayova ştatında (ABŞ) anadan olub. Amerikalı aktyorun anası Lüteran kilsəsinin xidmətçisi, atası isə aviasiya mühəndisidir. Ronun ailəsində bundan başqa özündən kiçik Con və Nik adlı qardaşları, Cennifer adlı bacısı var. Bacı-qardaşları da onun kimi aktyorluq sənətini seçib. Qardaşlarından fərqli olaraq Cennifer televiziya sahəsində çalışır. Ron orta təhsili başa vurduqdan sonra Yel Universitetinə daxil olub və teatr sənəti üzrə bakalavr dərəcəsinə yiyələnib. Aldığı təhsilin sayəsində Uilyamston teatr festivalında iştirak edib. Təhsili başa vuran Ron teatr fəaliyyətini inkişaf etdirmək üçün Çikaqoya köçüb. Bu öz müsbət nəticəsini verib. Belə ki, Ron qısa müddət ərzində müxtəlif tamaşalarda oynamaq üçün çoxsaylı teatrlardan təkliflər alıb. Televiziyada ilk rolunu 1992-ci ildə “Təmiz söhbət” adlı komediyada alıb. Bu onun kamera qarşısında başlanğıc təcrübəsi olub. Rol epizodik olsa da, Dolli Parton, Ceymz Vudz və Maykl Medsen kimi tanınmış aktyorlarla tanış olub, onların yaradıcılığını yaxından öyrənmək imkanı əldə edib. Sonradan Ron Los-Ancelesə köçüb və Billi Bob Torntonun rol aldığı “Bəzi adamlar bunu küt ülgüc adlandırır” adlı serialda rol alıb. Paralel olaraq “İt günündə həyat” adlı melodrama çəkilib. Ron aktyor olaraq ilk ciddi rolunu 1996-cı ildə böyük ekranlara çıxmış “Kefbazlar” filmində oynadığı rolu hesab edir. Con Favro və Vins Von kimi ulduzlarla çiyin-çiyinə kamera qarşısına çıxan aktyor həmin filmdə baş rola çəkilib. “Yaraşıqlı oğlan” obrazlarından cana yığılan aktyor, daha ciddi rol axtarışlarına düşür. 2002-ci ildə “Adaptasiya” bədii filmində Hollivud agentini canlandırır. Həmin film sonradan ən yaxşı ikinci dərəcəli aktyor nominasiyası üzrə “Oskar” mükafatı ilə təltif edilir (Kris Kuper). Həmin il Ron məşhur “Böyük şəhərdə seks” serialına dəvət alır və bir neçə seriya boyunca baş qəhrəman Kerri Bredşounun “sevgilisi” olur. Bu rolu onu Hollivudda ən tələb olunan aktyorlardan birinə çevirir. 2006-cı ildə “Holli” melodramında, 2008-ci ildə “Zaman səyahətçisinin xanımı” elmi-fantastik bədii filmində rol alıb. Komediya janrına böyük qayıdış edən Ron, 2010-cu ildə bu janrda olan iki filmlə - “Eşq məsafəsində” və “Gicbəsərlərlə şam yeməyi” bədii filmlərinə çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ron_Livingston

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç