Pyer Rişar 16 avqust 1934-cü ildə Fransanın Valanasyen şəhərində toxuculuq sənayeçisinin ailəsində dünyaya göz açıb. Pyer dramatik kursa daxil olmaq üçün Parisə yollanıb. Babası buna qarşı olub və Pyer ailəsi ilə əlaqələri kəsib. 1967-ci ilədək heç bir teatrda bəxti gətirməyib, ona hər zaman ikinci plandakı rollar verilib. Lakin rejissor İv Rober onu hündür sarışın rollarının ifası üçün filmlərə dəvət edib. O, 1976-cı ildə “Oyuncaq” filmində çəkilib. 1981-ci ildə isə “Bəxti gətirməyənlər” filmində məşhur Pyer Rişar və Jerar Depardye dueti yaranıb. 1996-cı ildə gürcü rejissoru Nana Corcadzenin “Sevən aşpazın min bir resepti” siyasi komediya filmində rol alıb və bu filmdə iştirakına görə o, Kann kinofestivalında “ən yaxşı aktyor” adına layiq görülüb. Şəxsi kinostudiyaya sahib olan Rişar dostu Depardyenin məsləhəti ilə Fransanın cənubunda üzüm bağı alıb. Burada hər il istehsal edilən 10 minlərlə şərab şüşələri Belçikaya satılır. Pyer 4 dəfə ailə həyatı qurub. Balerina olan birinci arvadı ona iki oğul dünyaya gətirib. İkinci arvadı isə onun yaxın rəfiqəsi olub. Pyerdən 34 yaş cavan olan mərakeşli Aişa onun üçüncü arvadı olub. Dördüncü arvadı isə braziliyalı top-model Seyla olub. Rişarın 5 nəvəsi var. Nəvəsi Artur Defey model və gənc aktyordur. Pyer saksafonda çalır, uşaqlar üçün nağıllar yazıb, eyni zamanda, böyüklər üçün bir neçə kitabın müəllifidir. Pyer Rişar həmkarı Jerar Depardyenin yolunu davam etdirərək məmnuniyyətlə Rusiya vətəndaşlığını qəbul edə biləcəyi haqda xəbərlər yayılıb. Lakin o, yayılan şaiələrə münasibət bildirib və vətəndaşlığı qəbul etmək istəsə də, Rusiyada yaşamaq haqqında düşünmədiyini deyib: “Məmnuniyyətlə Rusiya vətəndaşlığını qəbul edərdim. Amma nəvələrimi qoyub gedə bilmərəm. Ona görə də Rusiyada yaşamaq kimi bir şansım yoxdur”. O, özünü Jerar Depardye ilə müqayisə edərək, yeganə fərqlərini nəvələrinin çox olmasında görüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Pierre_Richard