Kevin Kostner
Aktyor, prodüser, rejissor, musiqiçi
Kevin Maykl Kostner 18 yanvar 1955-ci ildə Kaliforniya ştatında (ABŞ) ortabab bir ailədə doğulub. Anası Şaron Kostner tibb işçisi, atası Uilyam isə çilingər idi. Kevin Kostner yeniyetmə illərində xarici görünüşünə görə çox utanırdı: gonbul idi, belini əyib gəzirdi, böyük burnunu eynəyin altında gizlətməyə çalışırdı. Bir sözlə, yöndəmsiz oğlan məktəbdə gülüş hədəfi idi. Onun qız dostu da yox idi. Nəhayət ki, dərdini atasına açır. O, isə oğluna güclü bədənə sahib olmaq üçün idmanla məşğul olmağı məsləhət görür. Həmin gündən qonşu qızlar hər səhər pəncərədən tövşüyə-tövşüyə qaçan Kevinə tamaşa edib gülürdülər. Həddən artıq təvazökar və hissiyyatlı Kevin pərtliyini gizlədib, bəxtinin üzünə güləcəyi günü gözləyirdi: "Yəqin yaxşı iş tapandan və böyük bir evim olandan sonra məni sevən tapılacaq" deyə düşünürdü. Məktəbi birtəhər başa vurub biznes kollecinə daxil olanda tarım və qamətli bədəni, geniş çiyinləri və məsum, iri mavi gözləri olan Kevini kurs qızları gözaltı edir. Amma Kevinin içindəki o qorxaq uşaq hələ də qalırdı. Kevin "Aktyorlar cəmiyyətinə" yazılır. Sonra isə Los-Anceles teatr studiyasında çalışır. Hələ də böyük kino şöhrətindən əsər-əlamət yox idi. İndi o, üç uşaq atası idi. Kevin uşaqlıq dostu olan Sindi Silviya ilə evlənmişdi. Sindi stüardessa idi. Ailəsini dolandırmaq üçün Kevin müxtəlif işlərdə çalışırdı: gah yük maşını sürücüsü, gah da balıqçı işləyirdi. Kevin kinoda debütünü 1981-ci ildə soft-porno janrında olan "Vəhşi çimərlik" filmində edir. Bu film əvvəllər o qədər də populyar olmasa da, Kevin Kostner məşhurlaşandan sonra bu film də qiymətə "minir". Amma uğursuzluq onu o qədər sarsıdır ki, çəkiliş meydanına düz yeddi il qayıtmır. "Nəhayət ki, mənə uğur gətirəcək filmə imza atdım" deyən Kostner, əslində "Böyük titrəyiş" filmini nəzərdə tuturdu. Lakin rejissor montajda onun rolunu elə kəsib doğrayır ki, ortada bir şey qalmır. Aktyoru pərt edən rejissor Lourens günahını yumaq üçün Kevini "Silverado" filminə baş rola çəkir və bununla da geniş kino kütləsi onu tanıyır. Böyük triumfu gözləməkdən yorulan Kevin borca girib, ilk rejissor işini ekranlaşdırır - "Canavarlarla rəqs". Vestern janrında çəkilən üçsaatlıq filmdə Kevin hindu qəbiləsinə əsir düşən leytenant Dunbar rolunu canlandırır. Kinotənqidçilər filmin uğursuzluğuna proqnoz verirlər. Amma film yeddi "Oskar" alır və milyonlarla dollar gəlir gətirir, Amerika Kino Akademiyasının "Qızıl şedevrlər" siyahısına yazılır. Kevin Kostner isə Hollivudun ən yaraşıqlı, ən arzulanan və ən bahalı aktyorları cərgəsinə keçir. "Mühafizəçi" filmindən sonra isə Kevin "Dünyanın ən yaraşıqlı və cazibədar kişisi" titulunu qazanır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kevin_Kostner