Pol Radd
Aktyor
Pol Stiven Radd – amerikalı aktyor, komik, ssenarist və prodüserdir. Böyük ekranlarda debütünə qədər, televiziya sahəsində karyerasına başlayıb. İlk kino rolunu 1995-ci ildə “Bir işə yaramazlar” bədii filmində gerçəkləşdirib. Daha çox “Amerikanın qızmar yayı” (2001), “Teleaparıcı: Ron Burqundi haqqında əfsanə” (2004), “Qırxyaşlı bakir” (2005), “Biraz hamilə” (2007), “Səni sevirəm dostum” (2009), “Teleaparıcı: Bir daha salam” (2013) filmlərində oynadığı rollara görə tanınır. Radd eyni zamanda “Marvel” kino aləminin “Qarışqa-adam” saqasından olan filmlərdə baş superqəhrəman Skott Lenq (Qarışqa-adam) rolunu ifa edir. Kinodakı rollarından savayı, Radd bir sıra uğurlu televiziya layihələrində də özünü yaxşı tərəfdən göstərib. Populyar “Dostlar” serialında 2002-2004-cü illərdə Mayk Hanniqan rolunu ifa edib. Radd Nyu-Cersi ştatının Passeika şəhərində yəhudi ailəsində dünyaya gəlib. Atası Maykl Radd ekskursiya bələdçisi və aviaşirkətin vitse-prezidenti olub, Raddın 39 yaşı olanda xərçəngdən vəfat edib. Anası KCMO-TV telekanalında satış üzrə menecer vəzifəsində işləyib. Valideynləri İngiltərədə doğulub. Britaniyaya Rusiya, Belarus və Polşadan mühacirət etmiş yəhudilərin nəslindən olublar. Ata soyadı əvvəllər “Rudnitski” olub, ancaq sonradan ulu babası soyadı amerikanlaşdıraraq “Radd”a dəyişib. Ana tərəfinin soyadı isə əvvəllər “Qoldşteyn” olub. Raddın 10 yaşı olanda, ailəsi Leneks şəhərinə (Kanzas ştatı) köçüb. Onlar həmçinin bir neçə il Kaliforniya ştatının Anaheym şəhərində yaşayıblar. Radd Kanzas Universitetini bitirib, orada teatr üzrə ali təhsil alıb, “ΣΝ” tələbə qardaşlığının üzvü olub. Həmçinin aktyor Mettyu Lillardla birlikdə Amerika Dram İncəsənət Akademiyasında oxuyub. Daha sonra – Britaniya-Amerika Dram İncəsənət Akademiyasında (Oksford) 3 aylıq kurs keçib, yakovian dramını dərindən öyrənib. 2003-cü ildən Cudi Yeqerlə evlidir. Onların iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D0%B0%D0%B4%D...