Vahid Naxış
Rejissor, ssenarist, prodüser
Vahid Naxış (Vahid Fuad oğlu Mustafayev) 4 sentyabr 1968-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gəlib. Gənc yaşlarından yaradıcılıq fəaliyyətinə qədəm qoyan V.Mustafayev keçən əsrin 80-ci illərində Azərbaycanda başlayan milli azadlıq hərəkatına qoşulur, 1988-ci ildə həm müxbir, həm də naşir kimi çalışmağa başlayır və rəsmi icazəsi olmadığı üçün Sovet dövründə “gizli nəşr” sayılan “RokOko” adlı dövri məcmuə dərc edir. 1989-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə (o vaxtlar Azərbaycan İnşaat Mühəndisləri İnstitutu adlanırdı) qəbul olunan Vahid Mustafayev qeyri-formal Tələbə Jurnalistlər Birliyi təşkil edir və bunun sayəsində həm “RokOko” məcmuəsinə müxtəlif ali məktəblərdə təhsil alan yeni fikirli tələbə müxbirləri cəlb etməyə, həm də məcmuəni tələbələr arasında daha geniş yaymağa nail olur və əldən-ələ gəzən bu məcmuə xüsusən gənclər arasında çox böyük populyarlıq qazanır. Azərbaycanda milli azadlıq hərəkatının genişləndiyi dövrün ilk müstəqil qəzeti kimi 1989-cu ilin oktyabr ayında xalq şairi və ictimai xadim Sabir Rüstəmxanlı tərəfindən nəşrinə başlanılan “Azərbaycan” qəzetində V.Mustafayev 1990-cı ilin əvvəllərində “Gənclər Bürosu” adlı şöbə təşkil edir, qəzetin “Koroğlu kəşfiyyatı” adlı məcmuəsini və Video əlavəsini yaradır. Azərbaycanda milli azadlıq hərəkatını boğmaq məqsədi ilə Mixail Qorbaçovun başçılığı ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvarında ölkəyə Sovet Ordusu qoşunlarını yeridəndən sonra V.Mustafayev Azərbaycanın ilk hərbi reportyoruna çevrilir və o, Qarabağ uğrunda başlayan və illərlə davam edən müharibədə çəkilişlər aparan ilk azərbaycanlı reportyor olur. O vaxtdan bu günə qədər o, Qarabağla yanaşı, dünyanın bir çox qaynar nöqtələrində – Əfqanıstan, Çeçenistan, Bosniya, Livan, Misir, Liviya və digər ölkələrdə hərbi reportyor kimi çalışır, ölümlə üz-üzə reportajlar hazırlayır və münaqişələr haqda sənədli filmlər çəkir. 1991-ci ildə 23 yaşlı Vahid Mustafayev qardaşı Seyfulla Mustafayevlə birlikdə SSRİ-də ilk özəl müstəqil televiziya şirkəti yaradır və sonradan çox şaxəli media qurumuna çevriləcək bu şirkətə “ANS” adını verir. 1992-ci ilin əvvəlində daha bir məşhur media şirkəti olan “ANS PRESS” İnformasiya Agentliyini yaradır və bu Agentlik bütün dünyaya Azərbaycan həqiqətlərini çatdıraraq, o illərdə ölkənin düşdüyü informasiya blokadasının yarılmasında mühüm rol oynayır. 1993-cü ildə 25 yaşlı Vahid M. daha bir yeniliyə imza ataraq, FM dalğalarda yayımlanan Qafqazda və Orta Asiyada ilk radio kanal açır. Qarabağ döyüşləri zamanı şəhid olmuş böyük qardaşı, telereportyor, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını əbədiləşdirmək üçün o, yaratdığı FM radioya “ANS ÇM” adını verir. Ötən əsrin 90-cı illərindən başlayaraq, Vahid Mustafayev film istehsalı ilə də məşğul olur, özünün yazdığı ssenarilər əsasında “Heç kim və heç nə unudulmayacaq” (1992), “Qazma” (1993), “Qarabağ” (1994), “Payızın 17 anı” (1995) və digər filmlərini çəkir. Kinematoqrafiya sahəsində onun topladığı təcrübə tezliklə uğurlu bəhrəsini verir və 2006-ci ildə “BAKIFİLM” kinostudiyasını yaradır. Onun “Bulağıstan” (2007), “Seçilən” (2008), “Qaydasız döyüş” (2009) və digər əsərləri əsasında, ard-arda “BAKIFİLM” kinostudiyası bədii filmlər və seriallar istehsal edir. 2009-cu ildə ciddi avtomobil qəzasından sonra xəstəxanada olarkən, Vahid Mustafayev Azərbaycan tarixinin müasir dövrünü əks etdirən daha bir neçə əsər yazır. Bir ildən sonra o, həmin əsərləri həm də rejissor kimi canlandırmağa başlayır: “Yaddaş” bədii filmi və eyniadlı beş epizodlu serial (2010), “Xoca” bədii filmi (2011) və eyniadlı beş epizodlu serial (2012), 60 epizodlu “Ağabəyovlar” serialı (2012-2013), “Qanlı Yanvar” bədii filmi və eyniadlı beş epizodlu serial (2015). O, Azərbaycan kinosunu beynəlxalq aləmdə təmsil edən azsaylı kinematoqraflarımızdan biridir. Onun çəkdiyi “Xoca” bədii filmi 35-ci Qahirə (Misir, 2012), 31-ci “Fəcr” (İran, 2013) və 43-cü “Altun Portağal” (Türkiyə, 2013) beynəlxalq film festivallarının iştirakçısı və diplomantı olmağa müvəffəq olub. “Qanlı Yanvar” bədii filmi isə Azərbaycan kinematoqrafiyası tarixində ilk dəfə dörd qitənin (Avropa, Şimali Amerika, Cənubi Amerika, Asiya) film festivallarında iştirak etmişdir. Bu film 19-cu “Qara Gecələr” (Estoniya, 2015), 39-cu Monreal (Kanada, 2015), 39-cu “Mostra” (Braziliya, 2015), 46-cı “Qoa” (Hindistan, 2015) və 33-cü “Fəcr” (İran, 2016) beynəlxalq film festivallarında iştirak edərək, müxtəlif mükafatlara layiq görülüb. Tarixi hadisələri əks etdirən və müxtəlif dillərə tərcümə olunmuş bu filmlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: