Brem Stoker
Yazıçı
Brem Stoker 8 noyabr 1847-ci ildə Dublində (İrlandiya) anadan olub. Uşaqlıq illərində heç bir həkimin müəyyənləşdirə bilmədiyi müəmmalı bir səbəbdən yatalaq xəstəliyinə düçar olur, səkkiz yaşına çatdıqda isə qəfildən ayağa qalxaraq yerimiş, bununla da möcüzəvi şəkildə xəstəliyin pəncəsindən xilas olmuşdu. Hətta sonralar Dublin Triniti kollecinin ən çox mükafat alan idmançısı olur. Atası teatra böyük marağı olan orta səviyyəli hökumət məmuru idi. Təsadüfi deyil ki, Stoker təhsilini bitirdikdən sonra, daha dəqiq desək, 1890-cı illərdə dövlət məmuru olub. Stoker təxminən bu illərdə, sonralar ona böyük şöhrət və məşhurluq qazandıracaq "Drakula" romanını yazmağa başlayıb. O, təqribən 10 ilə yaxın dövlət məmuru kimi işlədiyi müddət ərzində heç bir haqq tələb etmədən, təmənnasız olaraq teatrla bağlı tənqidi əsərlər yazıb. İlk əsərləri ona uğur gətirməsə də, 1876-cı ildə yazdığı bir əsəri ilə o dövrün məşhur aktyoru Henri İrvinq tərəfindən kəşf olunur. İki il sonra isə, dövlət məmurluğundan istefa edib Londona köçən Stoker İrvinqin yanında işləyərək adi işçidən xüsusi katib vəzifəsinə qədər yüksəlir. Bu illərdə o, yazıçılığını da davam etdirib. Tamamladığı məşhur "Drakula" romanı 1897-ci ildə İngiltərədə yayımlanıb. Brem Stoker həyatının sonrakı illərində ədəbiyyatla məşğul olub, evlənib və ömrünün sonunadək ən çox sevdiyi dostu İrvinqin yanından ayrılmayıb. Stoker həyatda ciddi, mədəni və qabiliyyətli bir insan olub. Davranışlarından və xarici görkəmindən o, sanki Viktoriya dövrünün kübar bir centlmenini xatırladırdı. Eyni zamanda o, macərapərəst biri idi. Həyatında maraqlı və qəribə hadisələr çox olub. Məsələn, bir dəfə o, Temza çayında qayıqla gəzərkən suya tullanan birini görür, dərhal suya atılıb onu sahilə çıxarsa da, həmin adamı ölümün pəncəsindən xilas etmək mümkün olmur. Lakin buna baxmayaraq, Stokeri cəsarətinə görə bürünc medalla təltif edirlər. 1975-ci ildə ilk dəfə yayımlanan "Brem Stokerin bioqrafiyası" kitabında qohumu Danile Farson yazıçının şəxsi həyatına, xüsusilə də arvadı ilə münasibətlərinə dair bəzi "gizli qalmış" məsələləri açıqlayır. Belə ki, bioqrafiyada deyilənlərdən aydın olur ki, gözəlliyi ilə tanınan həyat yoldaşı ilk övladları dünyaya gəldikdən sonra yataq otağının qapılarını Stokerin üzünə bağlayır. Stoker isə bir çox əxlaqsız qadınlarla görüşür. Görkəmli yazıçı 20 aprel 1912-ci ildə cinsi yolla keçən xəstəlikdən - sifilisdən vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Brem_Stoker