Barri Zonnenfeld

Barri Zonnenfeld

Rejissor, prodüser, operator

BİOQRAFİYA

Barri Zonnenfeld 1 aprel 1953-cü ildə Nyu-Yorkda (ABŞ) yəhudi ailəsində anadan olub. Valideynləri – Sanni və Kelli Zonnenfeldlərdir. Uşaq yaşlarından kinoya böyük həvəs göstərib. Tez-tez dərslərindən qaçıb, kinoteatra yollanırdı. Yeniyetməlik illərində fotoqrafiya ilə maraqlanırdı, tələbəlik illərində isə laborant işləyib. Hempşir kollecində bakalavr diplomu əldə edib, daha sonra Nyu-York Universitetinin Ali Kino Məktəbində daxil olub. 1978-ci ildə həmin təhsil ocağından məzun olub. Həmin il keçmiş kurs yoldaşları Coel və İtan Koen qardaşları Barrini operator qismində öz “Sadəcə qan” adlı kriminal trillerlərinin çəkilişinə dəvət edirlər. Sözü gedən film, kifayət qədər böyük uğur qazanır və bir sıra mükafatlar əldə edir. Koen qardaşları ilə sonradan “Arizonanın tərbiyyəsi” və “Miller kəsişməsi” filmləri üzərində də çalışıb. 1991-ci ildə Zonnenfeld rejissor debütünü gerçəkləşdirir. 60-cı illərin məşhur serialı əsasında “Adamslar ailəsi” qara komediyasını çəkir. Film tamaşaçıların rəğbətini qazanır, "ən yaxşı kostyum işi" nominasiyasında “Oskar” mükafatına, ən yaxşı qadın rolu (Anjelika Hyüston) nominasiyasında “Qızıl Qlobus” mükafatına namizəd olub. 1993-cü ildə ekranlara “Adamslar ailəsinin” sikveli çıxır. “Adamslar ailəsinin dəyərləri” filmi də bir sıra mötəbər mükafatlara, o cümlədən, “Oskar”, “Qızıl Qlobus” və BAFTA mükafatlarına namizəd olub. Barri Zonnenfeldin növbəti rejissor işi Deni Devito və Con Travoltanın baş rollara çəkildiyi “Bəstəboyu tapıb gətirin” kriminal komediyası olub. Filmdə həmçinin rol alan Rene Russo və Cin Hekmen böyük uğur əldə edirlər. Sonuncu hətta "Qızıl Qlobus" mükafatına (ən yaxşı kişi rolu nominasiyasında) namizəd olur. 1997-ci ildə “Qara geyimli adamlar” fantastik komediyasını çəkir. Film rejissorun karyerasına öz damğasını vurur. Uil Smit və Tommi Li Consun baş rollarda oynadığı filmin sonradan iki sikvelini də lentə alıb. Barri Zonnenfeld bir sıra uğurlu kinokomediyaların, o cümlədən “Qara geyimli insanlar”, “Vəhşi, vəhşi Qərb” kimi yüksək reytinqli filmlərin yaradıcısı olub. “Tilsimlənmiş”, “Lemoni Snikket: 33 bədbəxtlik” və digər məşhur filmlərə prodüserlik edib. 1996-cı ildə Berlin kinofestivalının nominantı olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/barri_zonnenfeld/

 

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç