Məryəm Seyidbəyli 1955-ci il oktyabrın 3-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Ərəb dili və ədəbiyyatı şöbəsində təhsil alıb. 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası A. A. Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın qədim tarixi" şöbəsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb. 1983-cü ildə "Azərbaycanın Orta əsrlər tarixi (III-XII əsrlər)" şöbəsində öz fəaliyyətini davam etdirib. Həmin il iki illik fransız dili kursunu müvəffəqiyyətlə başa vurub. 1980-1986-cı illərdə ərəb dili tərcüməçisi kimi dövri olaraq Əlcəzair, Suriya, Liviyada ezamiyyətlərdə olub. 1996-cı ildə "XIII əsrin birinci yarısı - XIV əsrin əvvəllərində Azərbaycanın elmi-mədəni həyatı" mövzusunda (İbn əl-Fuvatinin "Talxis macma al-adəb fi mucam al-alkab" materialları əsasında) namizədlik dissertasiyasını müdafiə edib. Həmin il bu mövzuda çapdan çıxmış monoqrafiyası ilin ən yaxşı kitabı elan olunub. 2003-cü ildə "Azərbaycan diasporu" şöbəsinin müdiri təyin edilib. 2009-cu ildə "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişafın xüsusiyyətləri və tendensiyaları (1988-2007-cu illər)" adlı monoqrafiyası çapdan çıxıb. Kitab 2010-cu il noyabrın 25-də Moskvada "Nauçnaya kniqa"nın "Ən yaxşı elmi kitab" layihəsinə görə keçirdiyi Beynəlxalq müsabiqədə diploma layiq görülüb. 2010-cu ildə monoqrafiyanın "Rusiyada Azərbaycan diasporu: formalaşma və inkişaf xüsusiyyətləri və tendensiyaları (1988-2010-cu illər)" adlı yenilənmiş ikinci nəşri işıq üzü görüb. Monoqrafiya 2011-ci il aprelin 27-də "Humay" Milli mükafatına layiq görülüb. 2012-ci ildə "Azərbaycan Diasporu Ensiklopedik məlumatlar toplusu" adlı kitabı çapdan çıxıb və Azərbaycan Diasporunun tarixi ilə bağlı tədqiqatlarına görə diplom alıb. Azərbaycanın Orta əsrlər və müasir tarixinə dair 50-dən çox elmi məqalənin müəllifidir. Beynəlxalq konfransların iştirakçısıdır. 15 fevral 2013-cü il tarixində "Rusiya Federasiyasında Azərbaycan diasporunun formalaşması və inkişafı" adlı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru adını alıb. Məryəm Seyidbəyli həmçinin Bakı Multikulturalizm Mərkəzinin Beynəlxalq əlaqələr komissiyasının sədridir. AMEA-nın Rəyasət Heyətinin 27 fevral 2014-cü il tarixli qərarı ilə Elm Tarixi İnstitutu yaradılıb və tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/M%C9%99ry%C9%99m_Seyidb%C9%99yli