Dolf Lundqren
Aktyor
Dolf Lundqren 3 noyabr 1957-ci ildə Stokholmda (İsveç) anadan olub. Uşaqlıqda zəif olduğuna görə yaşıdları onu ələ salırdı. Ona görə də idmana meyl göstərməyə başlayır. 1977-ci ildə 20 yaşlı idmançı İsveç çempionatında qalib olur. İki il ardıcıl olaraq bu titulu qazanır. 1979-cu ildə Dünya Çempionatında döyüş növləri üzrə ikinci yerə sahib olur. 1980 və 1981-ci illərdə Böyük Britaniyada keçirilən açıq çempionatda qalib olur. Hərbi xifmətdən tərxis olunduqdan sonra Stokholmda Texnoloji Universitetə daxil olur. Eyni zamanda Sidneydə də təhsil alır. Avstraliyada kimyəvi maşınqayırma üzrə magistr dərəcəsi alır. Avstraliya Universitetini bitirdikdən sonra Lundqren Massaçusets Texnologiya Universitetinə dəvət olunur. Tezliklə Dolf Nyu-Yorka gəlir və özünü model, rəqqas, cangüdən kimi sınayır. Eyni vaxtda aktyor dərnəklərinə gedir. Dolf Lundqrenin kino debütü Ceyms Bondun macəralarından bəhs edən “Qətlin növü” filmində epizodik rol olur. Sonra gənc aktyor Silvestr Stallonenin iştirakı ilə olan “Rokki 4” filmində sovet idmançısı obrazını canlandırır. Məhz bu roldan sonra Lundqren kino dünyasında tanınmağa başlayır. 1992-ci ildə Jan Klod Van Dammla tərəf-müqabili olduğu “Universal əsgər”ə çəkilir. Aktyor bir çox dillərdə - isveç, ingilis və ispan dillərində sərbəst danışır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Dolf_Lundqren