Həsənağa Salayev
Aktyor
Həsənağa Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Məşhur aktyor Eldəniz Zeynalovun dayısıdır. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinfini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən, 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. Həsənağa Salayev Fin müharibəsində (1939-1940) iştirak edib və əsir düşüb. Əsirlikdən azad olunandan sonra NKVD onu vətən xaini kimi həbs edib. İki ay işgəncə, əzab içərisində yaşayıb. İki aydan sonra həbsdən azad edilib və Bakya qayıdıb. Doğma teatra isə bir də 1946-cı ildə qayıdıb. Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Salayev müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad), "Oqtay Eloğlu" (Oqtay), Pavel Malyarevskinin "Daş qartal" (Maksİm), Yuri Osnos və Vladimir Vinnikovun "Hind gözəli" (Çarudatta), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Bernard Şounun "Şeytanın şagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Rəşad), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı" (Dünua), Hüseyn Cavidin "Səyavuş" (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb. Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarmı?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib. Həsənağa Salayev 54 yaşında qəfildən iflic xəstəliyinə düçar olub. Bir daha səhnəyə çıxmayan aktyor 2 oktyabr 1981-ci ildə dünyasını dəyişib. Yasamal qəbiristanlığında dəfn edilib. Həsənağa Salayev 40 yaşında evlənib. Adil İsgəndərov ona o zamankı dram teatrında yaşamaq üçün yer verir. Elə toyu da teatrın binasında olur. İki oğlu olub. Böyük oğlu Dəryanur 1992-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Kiçik oğlu Rəşad Nuri 2011-ci ildə, 45 yaşında ürək çatışmazlığından vəfat edir. Aktyorun hər iki oğlu subay olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/H%C9%99s%C9%99na%C4%9Fa_Salayev