Amaliya Pənahova
Aktrisa
Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirib. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Respublikanın əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR-nin xalq artisti fəxri adı verilib. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə dərs demək üçün dəvət olunub və universitetin professorudur. Dərs dediyi tələbələrin əksəriyyəti Bakı Bələdiyyə Teatrında onunla birgə çalışırlar. Prezident təqaüdçüsüdür. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub. 2013-cü ildə "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini müdafiə edərək sənətşünaslıq elmləri doktoru elmi adını alıb. 17 iyun 2015-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Amaliya_P%C9%99nahova