Fikrət Əmirov
Bəstəkar
Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Kirovabad şəhərində anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinifində bitirib. Fikrət Əmirov XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından biridir. F. Əmirovun simfonik muğamları və "Nizami" simfoniyası dünyanın ən məşhur dirijorları G.Rojdestvenski (Rusiya), K. Abendrot (Almaniya), Ş.Münş (Fransa) və L.Stokolovskinin (ABŞ) idarəsi ilə ifa olunub. F.Əmirov musiqisinin janr dairəsi nə qədər geniş olsa da, simfonik və musiqi səhnə janrları yaradıcılığında aparıcı rol oynayır. Bəstəkarın ixtira etdiyi yeni simfonik muğam janrı "Şur", "Kürd Ovşarı" və "Gülüstan Bayatı-Şiraz" kimi dəyərli əsərlərlə təmsil olunub. F.Əmirovun "Nizami" simfoniyası, doğma vətəni tərənnüm edən "Azərbaycan kapriççiosu", "Azərbaycan süitası", "Azərbaycan qravürləri" bəstəkar irsinin dəyərli səhifələridir. F.Əmirov C.Cabbarlının dramı əsasında yazdığı "Sevil" operası Azərbaycanda ilk dəfə lirik-psixoloji operanın əsasını qoyub. Azərbaycan konsert janrının ilk nümunələrini də F.Əmirov yaradıb. Onun bir neçə konserti, xüsusən də fortepiano və orkestr üçün E.Nəzirova ilə birgə yazdığı "Ərəb mövzularında konsert"i Azərbaycan pianoçularının ən çox ifa etdiyi əsərlər sırasındadır. Fikrət Əmirov 20 fevral 1984-cü ildə vəfat edib. Fəxri xiyabanda dəfn edilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: