Mirzə İbrahimov

Mirzə İbrahimov

Yazıçı, dramaturq, ictimai xadim

BİOQRAFİYA

Mirzə İbrahimov oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya köçür. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə pul qazanmağa başlayır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1926-1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyur və işləyir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb. Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Daha sonra dövrü mətbuatda şeirləri nəşr olunmağa başlayıb. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərir (1933). 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov, görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə edir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olub. 1942-ci ildə isə 31 yaşında ikən Azərbaycan Xalq Maarif Komissarı vəzifəsinə təyin olunub və 1942-1946-cı illər ərzində Azərbaycan SSR Maarif Naziri və M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, sonra isə XKS-nin incəsənət işləri idarəsinin rəisi kimi ölkədə təhsilin və mədəniyyətin inkişafına təkan verib. İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə qələbəyə düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və sair hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayə ("Qorxulu səs", "Sənət aşiqləri", "Zəhra", "Yol ayrıcında", "Mələk", "Qaçaq", "Cənub hekayələri" silsiləsi - "On iki dekabr", "Azad", "Tonqal başında", "İztirabın sonu", "İki həyat"), povest ("Xosrov Ruzbeh", "Güləbətin", "Pərvizin həyatı") və romanlarla ("Gələcək gün - (1948), "Böyük dayaq" (1957), "Pərvanə") yanaşı, səhnə əsərlərini qələmə alıb: "Həyat" (1935), "Madrid" (1937), "Məhəbbət" (1941) pyeslərindən iyirmi il fasilədən sonra "Kəndçi qızı" (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülüb), "Yaxşı adam" (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən "Közərən ocaqlar" (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirib. Həmçinin U.Şekspirin "Kral Lir", "On ikinci gecə, yaxud hər nə istəsəniz", A. N. Ostrovskinin "Quduz pullar", "Müdrik olan hər kəsə kifayətdir sadəlik", A.P.Çexovun "Üç bacı", A. Satramovun "Kişilərə inanmayın", Molyerin "Don Juan" pyeslərini Azərbaycan dilinə tərcümə edib. 1993-cü il dekabrın 17-də Bakıda vəfat edən Mirzə İbrahimov Fəxri Xiyabanda dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Mirz%C9%99_%C4%B0bra...

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç