Leyla Bədirbəyli
Aktrisa
Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda (Azərbaycan) dünyaya göz açıb. Anası Bikə xanım Şəmkirdə Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı. Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirib. Anası Bikə xanım Əli Bayramov klubuna qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənətə marağı da o vaxtdan yaranmağa başlayır. Leyla Bədirbəyli 1936-ci ildə 16 yaşı olarkən Fərəc Cavanşirovla ailə qurur. 1937-ci ildə Cavanşir adlı oğulları dünyaya gəlir (hazırda Cavanşir Cavanşirov öz həyat yoldaşı Elmira Cavanşirova ilə birgə Fəvvarələr meydanında yerləşən, Leyla xanımın uşaqlıqda yaşadığı evdə yaşayır). Ammа Leyla B. ilə Fərəcin birgə ailə həyatları uzun sürmür və bir neçə ildən sonra onlar boşanırlar. 1942-ci ildə isə Leyla Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı - Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları Bikə doğulur. Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır və vəfat edir. Bu hadisənin üzərindən bir il keçməmiş böyük qızları Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki itki Leyla Bədirbəyliyə çox pis təsir edir. Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də vəfat edib. Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə mərhumun dəfni ilə bağlı olan bütün xərclər dövlət hesabına ödənilir, dəfnini təşkil etmək üçün Dövlət komissiyası yaradılır. Leyla Bədirbəyli Bakıdakı I Fəxri Xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Leyla_B%C9%99dirb%C9%99yli