Rza Təhmasib

Rza Təhmasib

Kino və teatr rejissoru, aktyor

BİOQRAFİYA

Rza Təhmasib 1894-cü ildə Naxçıvanda (Azərbaycan) dünyaya gəlib. Kinossenarist, yazıçı Məmmədhüseyn Təhmasibin böyük qardaşıdır. Rza Təhmasib elə uşaqlıqdan sənətə - teatra meyli olub. Təhsil illərində gənc Rzanın soyadı sənədlərdə Təhmasibbəyov olub. 1910-cu ildə Rza dostu - görkəmli şair Hüseyn Cavidin məsləhəti ilə soyadını Təhmasib kimi yazdırıb. Əks halda, onu gələcəkdə xoşagəlməz aqibət gözləyə bilərdi… Sonralar doğrudan da Təhmasibbəyovları Naxçıvanda qalıb yaşamağa qoymurlar və oradan köçməyə məcbur edilirlər. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc Təhmasib 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə bu sənətkarın yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub. 1922-1924-cü illərdə bu teatrda bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. Milli teatr ənənələrinin yaranmasında, Azərbaycanda realist teatrın formalaşmasında Rza Təhmasib yaradıcılığının əhəmiyyəti həqiqətən əvəzsizdir. Bu gün ötən əsr teatr tariximizin səhifələrini vərəqləyəndə Rza Təhmasib irsinin izləri aydın görünür. Teatr tariximizdə oynanılan elə bir klassik Azərbaycan və dünya ədəbiyyatı nümunəsi yoxdur ki, Rza Təhmasib aktyor və rejissor kimi bu tamaşalarda işləməmiş olsun. Aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın Məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olub. Rejissor kimi ilk müstəqil işi Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri olub. O dövrün mətbuatında onun quruluşunda "Ölülər" yeni teatr, yeni sənət nümunəsi kimi qiymətləndirilirdi. "Ölülər" onun rejissor kimi formalaşmasında mühüm və əhəmiyyətli rol oynadı. "Şeyx Sənan" (1931), "Sevil" (1934), "Özgə Uşağı" (1936), "Madrid" (1938), "Vəfa" (1943), "Hacı Qara" (1958) kimi tamaşaları Rza Təhmasibin rejissorluq məharətinin ən layiqli nümunələri idi. Ümumiyyətlə, ötən əsrin 60-cı illərinə qədər Rza Təhmasib milli teatrımızın təşkilatçısı və yaradıcısı kimi onun inkişafının təminatçılarından biri idi. Azərbaycan teatr sənətinin böyük bir dövrü Rza Təhmasib yaradıcılığı ilə bağlı olub. Kinomuzda onun ən layiqli aktyor işi isə "Qanun Naminə" filmində yaratdığı Qaloş obrazıdır. Rza Təhmasib bir neçə dəfə övlad itkisinin ağrı-acısını yaşamağa məcbur olub. Belə ki, 1937-ci ildə onin ilk nikahından doğulan oğlu Özdəmir Volqa çayında boğulub ölür. Həmin vaxt Özdəmir 15 yaşında idi. 1971-ci ildə Rza Təhmasibin ikinci evliliyindən dünyaya gələn kiçik qızı Aybəniz qəflətən vəfat edir. Bir neçə il sonra Teatr İnstitutunda oxuyan oğlu Araz ağır xəstəlikdən dünyasını dəyişir. Bu hadisələrdən sonra şəkər xəstəliyindən əziyyət çəkən görkəmli sənətkarın ayağını amputasiya edirlər. Və 14 fevral 1980-ci ildə 86 yaşlı Rza Təhmasib dünyasını dəyişir. Mərhum sənətkar Bakıdakı ikinci Fəxri xiyabanda dəfn olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rza_T%C9%99hmasib

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç