Muxtar Dadaşov
Rejissor, operator, ssenarist
Muxtar Baba oğlu Dadaşov 11 sentyabr 1913-cü ildə Bakıda anadan olub. 1933-cü ildə ali operator təhsili almaq məqsədilə Moskvaya gedir. Orada bir sıra filmlərin çəkilişində iştirak edir. Hələ erkən yaşlarından tale onun yolunu böyük sənət məbədindən salır. 1924-cü ildə ilk dəfə Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsinə çıxıb, dörd il sonra C.Cabbarlının “Sevil” pyesinin ilk tamaşasında Gündüzü oynayıb.1929-cu ildə Gənc Tamaşaçılar Teatrında rejissor assistenti kimi fəaliyyətə başlayır. Eyni zamanda tamaşalarda kiçik rollar oynayır. 1931-ci ildə kinostudiyada operator assistenti vəzifəsinə düzəlir. Bir sıra sənədli və bədii filmlərin lentə alınmasında iştirak edir. Moskvada təhsilini başa vurduqdan sonra böyük ümidlərlə vətənə dönür, kinostudiyada operator işinə qayıdır. Muxtar Dadaşovun sənədli filmləri Azərbaycan kinosu tarixində əhəmiyyətli yer tutur. Əksər filmlərində həm də ssenari müəllifi kimi çıxış edib. Müharibə dövrünün kinoxronikasının yaradılmasında xüsusi xidmətləri olan Muxtar Dadaşov 1943-cü ildə hitlerçilərin cinayətlərini tədqiq edən komissiyanın sərəncamına göndərilir. Burada köməkçisi İsmayıl Əfəndiyev ilə birgə faşistlərin vəhşiliklərini əks etdirən faktları lentə alıb. Sonralar həmin kadrlar Nürnberq məhkəməsi prosesində sübut kimi nümayiş etdirilib. Dövrün mühüm ictimai-siyasi hadisələri onun lentə aldığı sənədli filmlərin əsas mövzusunu təşkil edib. “Sovet Azərbaycanı”, “Sovet Azərbaycanının 50 illiyi”, “Arazın o tayında”, “Sabir”, “Kür”, “Səadət yolu ilə” və s. filmlərində vətənin əsrarəngiz təbiəti, tarixi şəxsiyyətləri kino dili ilə tərənnüm olunub. Quruluşçu rejissor kimi isə debütü “Qanun naminə” bədii filmi olur. Xalq yazıçısı Süleyman Rəhimovun “Mehman“ povesti əsasında çəkdiyi filmin ssenarisini də özü yazıb. Muxtar Dadaşov 7 may 1998-ci ildə vəfat edib.