Fateh Fətullayev
Aktyor
Fateh Fətullayev 1909-cu ildə Lənkəranda Mirzə Möhsün Fətullazadənin (1885-1936) ailəsində dünyaya göz açıb. Ailənin böyük oğlu idi. Əsl adı Fətulla olub. Ancaq şair Hüseyn Cavidin təkidi ilə adını dəyişib Fateh qoyub. O, çox sayda teatr tamaşasında oynayıb, onlara quruluş verib, çox filmlərdə rol alıb. Ən məşhur rolları "Ögey ana"da Arif, "Bir məhəlləli iki oğlan"da Əliqulu, "Qaraca qız"da bəy obrazlarıdır. 1983-cü ildə Bakı şəhərində vəfat edib. Fateh Fətullayevin üç qardaşı olub. Ümumiyyətlə bu ailədə böyüyən dörd oğul və onların davamçıları Azərbaycanın tanınmış sənətkarlarına çevrilirlər. Birinci qardaşı Nüsrət Fətullayev (1911-1987) rəssam olub və Azərbaycan milli teatr rəssamlığının formalaşmasında, inkişafında böyük xidmətlər göstərib. İkinci qardaşı Şəmsəddin Fətullayev (1913-1975) konservatoriyada təhsil alıb. Bir müddət Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının musiqi hissə müdiri, Musiqili Komediya Teatrında baş dirijor işləyib. Bəstəkarlar İttifaqının üzvü idi. Üçüncü qardaşı Nurəddin Fətullayev (1916-1973) Bəstəkarlar İttifaqının üzvü idi. Qardaşı Şəmsəddindən sonra uzun müddət Akademik Milli Teatrda musiqi hissə müdiri işləyib. Nurəddin Fətullayevin oğlu Hafiz Fətullayev də aktyor və rejissor idi. Nüsrət Fətullayevin həyat yoldaşı Hökümə Qurbanova məşhur aktrisa və SSRİ xalq artisti idi. Qızı Vəfa Fətullayeva da tanınmış aktrisa olub və cavan yaşında vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Fateh_F%C9%99tullaye...