Nəcibə Məlikova
Aktrisa
Nəcibə Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində, XX əsrin əvvəllərində tanınmış jurnalist Haşım bəy Sağibin ailəsində doğulub. Görkəmli alim Ruhulla Axundovun (1897-1938) bacısı qızıdır. İlk təhsilini kənddə və Bakıda alıb. Bakı Teatr Məktəbində xalq artisti Fatma Qədrinin sinifini bitirib (1940-1943). Öz istəyi ilə Gəncə Dövlət Dram Teatrında işləməyə gedib. Burada bir neçə tamaşada çıxış edərək Bakıya qayıdıb və təzəcə təşkil olunmuş Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olub. 1951-ci ildə ali məktəbi bitirib. Texnikumda təhsil aldığı illərdə Milli Dram Teatrının tamaşalarında epizodlar oynayan aktrisa 1952-ci ildən (kinolara çəkilişlə bağlı kiçik fasilələrlə) yenə bu teatrda işləyib. Hüseyn Cavidin "Şeyx Sənan" (Xumar), "Səyavuş" (Firəngiz), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (Şamama cadu), Cəfər Cabbarlının" "Aydın" (Böyükxanım), "1905-ci ildə" (Sona), "Sevil" (Edilya), Mirzə İbrahimovun "Həyat" (Atlas), "Kəndçi qızı" (Ayxanım), İlyas Əfəndiyevin "Büllur sarayda" (Qönçə), "Qəribə oğlan" (Məlahət), Nəbi Xəzrinin "Əks-səda" (Zərifə), "Mirzə Şəfi Vazeh" (Zübeydə), Səməd Vurğunun "Vaqif" (Xuraman), Maqsud İbrahimbəyovun "Kərgədan buynuzu" (Diləfruz), Sabit Rəhmanın "Əliqulu evlənir" (Yasəmən), "Küləklər" (Firuzə), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (Məlahət), Mirzə Fətəli Axundzadənin "Lənkəran xanının vəziri" (Şölə xanım və Ziba xanım), "Müsyö Jordan və dərviş Məstəli şah" (Şəhrəbanı), Aleksandr Ostrovskinin "Cehizsiz qız" (Oqudalova), Hüseyn Muxtarovun "Kimdir müqəssir?" (Korinkina), Maksim Qorkinin "Zikovlar" (Sofiya İvanovna), "Türkiyədə" (Nazir qızı), Karlo Haldoninin "Məzəli hadisə" (Marianna), Aleksandr Şirvanzadənin "Namus" (Süsənbər), Fridrix Şillerin "Orlean qızı" (Aqnessa), Lope de Veqanın "Sevilya ulduzu" (Estrelya) pyeslərinin tamaşalarında çıxış edib. Nəcibə xanım kinoda uğurlu rollar yaradıb. Onların arasında "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərlidir. "Ögey ana" filmindəki Dilarə obrazı nəinki həyatı ilə üst-üstə düşür, aktrisanın öz həyatı daha dramatikdir. Saqib adlı yeganə oğul övladı olan Nəcibə Məlikova həyat yoldaşının əvvəlki və sonrakı nikahlarından olan övladlarına da analıq edib. 44 yaşında şəkər xəstəliyinə tutulur və 27 iyul 1992-ci ildə 71 yaşında vəfat edir. Nəcibə Məlikova II Fəxri Xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/N%C9%99cib%C9%99_M%C...