Maykl Duqlas

Maykl Duqlas

Aktyor, prodüser

BİOQRAFİYA

Maykl Duqlas 25 sentyabr 1944-cü ildə Nyu-Bransuik şəhərində (Nyu-Cersi ştatı, ABŞ) aktyor ailəsində anadan olub. Valideynləri – Kerk və Diana Duqlaslar tanınmış aktyorlar idi. Maykl təhsilini hərbi məktəbdə alsa da, aktyor olmağı arzulayırdı. Məktəbi bitirdikdən sonra Kaliforniya Universitetinin dram sənəti fakültəsinə qəbul olunur. Burada oxuduğu müddətdə məşhur aktyor Deni de Vito ilə tanış olur. Bu tanışlıq sonralar dostluğa çevrilir və onlar bir sıra filmlərdə tərəf-müqabili olurlar. Maykl Duqlasın aktyor kimi ilk işi "San-Fransiskonun küçələri" filmində polis müfəttişi Mayk Stoun obrazı olur. Bu rol ona uğur gətirir. 1975-ci ildə Maykl prodüseri olduğu "Qu quşunun yuvası üstündən uçarkən" filmində işləyir. Baş rolda tanınmış aktyor Cek Nikolson çəkilir. Bu film geniş şöhrət qazanır və "Oskar"a layiq görülür. Prodüser kimi ikinci işi nüvə silahı probleminə həsr olunmuş "Çin sindromu" filmi olur. Bu filmdə aktyor özü də baş rollardan birini oynayır. 1980-ci ildə Maykl Duqlas xizəklə sürüşərkən ciddi zədə alır və bir müddət kinodan uzaqlaşır. Üç il müalicə olunur və yenidən sənətə qayıdır. 1980-ci illərdə aktyor bir-birinin ardınca müxtəlif filmlərə çəkilir. "Nil mirvarisi", "Uoll-strit", "Rouzların müharibəsi" və sair filmlərdə yaratdığı obrazlar onun peşəkarlığını bir daha sübut edir. Bu illərdə o, Hollivudda ən populyar aktyorlardan biri idi. 1992-ci ildə Şeron Stounla birlikdə çəkildiyi "Əsas instinkt" filmi kino tənqidçiləri tərəfindən birmənalı qarşılanmasa da, geniş şöhrət qazanır. Bundan sonra o bir çox filmlərə çəkilir, ancaq onlardan ikisi, "Oyun" və "Traffik" daha çox tamaşaçı auditoriyası toplayır. Sonradan Maykl Duqlas "Mənim atam dəlidir" və "Sabiq rəfiqələrin qarabasmaları" filmlərində çəkilib. Aktyor Hollivudun ən gözəl aktrisalarından biri olan Ketrin Zeta-Consla ailə qurub, bir oğlu və bir qızı var. 2010-cu ildə boğaz xərçənginə tutulan Duqlas üç il sonra xəstəliyi ilə bağlı yalan dediyini etiraf edib. O, əslində dil xərçənginə tutulduğunu və yalnız həkiminin istəyi ilə belə dediyini bildirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Maykl_Duqlas

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç