Darren Aronofski
Prodüser, rejissor. ssenarist, aktyor
Darren Aronofski 12 fevral 1969-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film İnstitutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi “Supermarketin təmizlənməsi” filmi tələbələr arasında "Oskar" mükafatı finalçısı olduqdan sonra o bir neçə film mükafatı qazanır. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı “Pi” filmi 1997-ci ilin noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film "Artisan Entertainment" şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş “Requiem for a dream” filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilir. Film müsbət rəylər alır və Ellen Börstin filmdəki çıxışına görə "Oskar" mükafatına namizəd göstərilir. II Dünya müharibəsindən bəhs edən qorxu filmi - “Aşağıda”nın ssenarisini yazdıqdan sonra Aronofski sayca üçüncü, romantik elmi-fantastik janrda olan “Fəvvarə” filminin çəkilişinə başlayır. Filmlə bağlı qarışıq resenziyalar dərc edilir və o, kinoteatr kassalarında istənilən uğur əldə etməsə də, o zamandan bəri kult filmlər siyahısındadır. İdman mövzusunda çəkilən dördüncü filmi - “Güləşçi” tənqidçilər tərəfindən yüksək qiymətləndirilir və filmin ulduzları Miki Rurk və Marisa Tomey "Oskar" mükafatına namizəd göstərilirlər. 2010-cu ildə Aronofski “Döyüşçü” filminin icraçı prodüseri olur və onun beşinci bədii, psixoloji qorxu filmi “Qara qu quşu” daha çox tənqidçi rəğbəti qazanır; "Ən yaxşı ekran əsəri" və "Ən yaxşı rejissor" nominasiyalarında "Oskar" mükafatına namizəd göstərilir. Natali Portman isə filmdəki roluna görə "Ən yaxşı aktrisa" nominasiyasında qalib gəlir. Aronofski "Qızıl Qlobus" mükafatlandırma mərasimində "Ən yaxşı rejissor" və Amerika Rejissorlar Gildiyasının mükafatı nominasiyasına namizəd göstərilib. Onun Bibliyadan ilhamlanaraq ərsəyə gətirdiyi altıncı film - “Nuh” 28 mart 2014-cü ildə kinoteatrlarda nümayişə çıxarılıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Darren_Aronofski