Cennifer Lopez

Cennifer Lopez

Müğənni, aktrisa

BİOQRAFİYA
Cennifer Lopez 24 iyul 1969-cu ildə Cənubi Bronksda (Nyu-York, ABŞ) doğulub. Valideynləri Qvadelupa Rodriges və Devid Lopez Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və "küçənin" təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq, Cenniferi katolik məktəbinə göndəriblər. Bundan başqa, onlar beş yaşı tamam olan kimi onu rəqs məktəbinə də yazdırıblar. Cenni orada bal rəqsləri öyrənir. Bu sahədə qazandığı uğurlar artıq iki ildən sonra onun şəhər konsertlərində iştirak etməsinə imkan verir. Həmişə aktrisa olmaq arzusu ilə yaşayan Cennifer 19 yaşı tamam olanda müziklda rəqqasə kimi işə düzəlir. Cenniferi "Brodveyin qızıl müziklları" turuna götürürlər. Üstündən daha doqquz ay keçəndən sonra isə o, ilk dəfə Yaponiya turnesinə çıxır. Cenni sonralar deyirdi ki, bu, onun həyatında ən xoşbəxt anlardan biri olub. Karyerası isə yüksələn xətlə davam edirdi. Cennifer Lopez daha bir böyük müsabiqədə qalib gələrək, "Canlı işıqda" komediyasına çəkilir və Hollivudda karyerasına başlayır. Hələ o zaman onun ciddi dramatik rollar oynamaq istəyi yaranır. "Canlı işıqda" komediyasının əsasında çəkilən kommersiya seriallarında bir neçə mövsüm iştirak edəndən sonra Lopes ilk dəfə ciddi aktrisa kimi "Cənub sentralı" serialına dəvət alır. Serialın rejissoru və prodüseri rəfiqəsinin həyat yoldaşı idi. Şou hələ başlamamışdan əvvəl uğursuzluğa düçar olur. Amma Cennifer "İkinci şans" və "Malibuya aparan yol" adlı daha iki seriala dəvət alır. 1993-cü ildə televiziya karyerasına son qoyan Lopez özünü böyük ekrana həsr etmək qərarına gəlir. Artıq 1994-cü ildə rejissor Qreqori Navanın "Mənim ailəm" bədii filminə çəkilir. Film tənqidçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və Cenniferin aktyorluq istedadını açır. Məhz bu roldan sonra o, Frensis Koppolanın "Cek" filminə dəvət edilir. "Cek" uğurlu layihə olmasa da, Lopesin karyerasına müsbət təsir göstərir. 1997-ci ildə çəkilən "Selena" filmində baş rolu almaq üçün Cennifer əsl yarışa qoşulur. O, 20 min qadının iştirak etdiyi müsabiqədə qalib gəlir və baş rola çəkilir. Lopez həmin film üçün milyon dollar qonorar alır və aktyorluq bacarığını göstərir. Bununla da Hollivud tarixində ən böyük qonorar alan Latın Amerikası mənşəli aktrisaya çevrilir. "Selena" təkcə karyera planında deyil, şəxsi həyatında da düşərli olur. Onun əsl şəxsi həyatı başlayır. Lopez Mayamidən olan ofisiant Ocani Noa ilə görüşür. Banketlərdən birində isə Noa mikrofonu alıb, hamının gözü qarşısında rəqs meydançasında Cenniferdən onun həyat yoldaşı olmağı xahiş edir. Cütlük 1997-ci ilin əvvəlində evlənir. O zamana kimi əsl ulduz olduğunu anlamayan Lopez tezliklə məşhurluğu "dadır". Qəzet və jurnallar evlilikdən iki ay sonra Lopez və Noanın ayrılacağı barədə yazmağa başlayır. Həqiqətdə isə Lopezin ailəsi düz bir il sonra dağılır.
Xoşbəxtlikdən, populyarlıq Cenniferə təkcə xoşagəlməz sürprizlər gətirmir. "Selena"nın ardınca Lopez bütün kassa rekordlarını qıran "Anakonda" filmində baş rollardan birinə çəkilib. Bir sözlə, 1997-ci il bütün mənalarda onun üçün düşərli olur. Cennifer Lopez indi aktrisa, müğənni kimi karyerasının ən yüksək nöqtəsinə çatıb. Ən məşhur şirkətlər milyonlarla dollar qonorar ayıraraq Cenniferin onların məhsulunun reklamında çəkilməsinə çalışırlar (məsələn, Lopez məşhur "L’Oreal" şirkətinin rəsmi siması seçilib). Özünün "J.Lo" geyim markasını təsis edib. Artıq bütün dünyada onun parfümü satılır. O bütün arzularının reallığa çevrildiyini bildirir. Bronksdan olan qızcığaz indi Hollivudun kraliçasıdır. Ən əsası isə Cenni bütün dünyadakı milyonlarla pərəstişkarının qəlbini fəth edə bilib. 2004-cü ilin iyununda Cennifer Mark Entoni ilə ailə qurur. 2008-ci ilin əvvəlində onların Maks və Emmi adlı iki əkiz uşağı dünyaya gəlib. Ulduz cütlük uşaqlarının ilk şəklini "People" jurnalına satıb. Bu razılaşma "People"a nə az, nə çox, düz üç milyon dollara başa gəlib. Ancaq 15 iyun 2014-cü ildə cütlük rəsmi olaraq boşanıb. 2017-ci ilin martından Cennifer beyzbolçu Aleks Rodrigeslə görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Cennifer_Lopes
FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç