Məlik Dadaşov
Aktyor
Məlik Dadaşov 7 iyun 1924-cü ildə Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrına işə götürülür və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində oynayır. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edir. O vaxt səhnəmizdə Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Adil İsgəndərov və onlarla digər sənət korifeyləri çalışırdı. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərir və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarır. Həyatda da yaratdığı obrazlar kimi çılğın və səmimi insan idi. Bəlkə də ona görə çox vaxt deyirdilər ki, Məlik Dadaşov ekranda, səhnədə elə öz obrazını yaradır. Məlik Dadaşov Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub idi. Teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. Onun yaradıcılığında Hüseynqulu Sarabskidən, Abbas Mirzə Şərifzadədən və digər klassiklərimizdən bəhrələnmə meylləri hiss olunurdu. Məlik Dadaşov dramatik rolların mahir ifaçısı olub. Yaratdığı obrazların ifası üçün elə gözəl ifadə vasitələri tapırdı ki, hətta tarixi qəhrəmanlar belə reallığa çox yaxınlaşırdı. Məşədi Əzizbəyov, Nəriman Nərimanov kimi tarixi şəxsiyyətlərin obrazları bunun sübutudur. 2 dekabr 1996-cı ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/M%C9%99lik_Dada%C5%9...