Kamil Rüstəmbəyov 1924-cü ildə Bakı şəhərində anadan olub. 1953-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1956-cı ildə Bakı televiziyası fəaliyyətə başlayanda Kamil Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışır, Azərbaycan televiziyasının ilk yaradıcılarından biri olub. Sonradan baş rejissor işləyib. 1960-cı ildə milli televiziyanın tarixində ilk dəfə olaraq şair Səməd Vurğunun "Aygün" poeması üzrə çəkilən eyniadlı tammetrajlı bədii filmə quruluş verib. Telestudiyada "Zəncirlənmiş adam" bədii televiziya və bir sıra sənədli televiziya filmləri, film-konsertlər çəkib. 1966-cı ildə Kamil Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunub, burada "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" bədii filmlərinə, "Mahnı qanadlarında" film-konsertinə quruluş verib. Bütün bu filmlər ümumittifaq ekranında göstərilmək üçün qəbul olunub. "Axırıncı aşırım" kinoromanı isə 1972-ci ildə Tbilisidə keçirilən V Ümumittifaq kinofestivalında nümayiş etdirilib, aktyorlardan Adil İsgəndərov Kərbəlayı İsmayıl, Həsən Məmmədov isə Abbasqulu bəy rollarını ifa etdikləri üçün "Ən yaxşı kişi rollarının ifasına görə" mükafata layiq görülüblər. Kamil Rüstəmbəyov bir müddət "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən "Kinoaktyor" teatr studiyasının bədii rəhbəri olub. 1991-ci ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kamil_R%C3%BCst%C9%9...