Ağadadaş Qurbanov
Aktyor
Ağadadaş Qurban oğlu Qurbanov 8 mart 1911-ci ildə Bakıda (Azərbaycan) doğulub. 1927-ci il 15 martda "Dənizçilər klubu"nda Lətif Kərimlinin "Fırtına" pyesinin tamaşası oynanılıb. Ağadadaş Qurbanov 1952-ci ildən ömrünün sonunadək Milli Dram Teatrında işləyib. O, bu teatrda Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo), Kamal ("Məhəbbətin hökmü", Cabbar Məcnunbəyov), Hacı Qara ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Tağı Hüseyn ("Köç", Cavad Fəhmi Başqut), Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Gülcamal ("Yaxşı adam", Mirzə İbrahimov), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Akif ("Həyat", Mirzə İbrahimov), Əşrəf bəy ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov) kimi parlaq və yaddaqalan rollarda çıxış edib. "Səbuhi", "Koroğlu", "Bir qalanın sirri", "Kölgələr sürünür" filmlərinə çəkilib. Birinci həyat yoldaşı müğənni Gülxar Həsənova olub. Bu izdivacdan oğlu, aktyor Hamlet Qurbanov dünyaya gəlib (1938-1995). İkinci həyat yoldaşı ixtisasca həkim olan Kübra Qurbanova olub . Bu nikahdan iki qızı - rejissor Firəngiz Qurbanova (1943) və xalq artisti Gülşən Qurbanova (1950-2006) dünyaya gəlib. 17 iyun 1943-cü ildə Azərbaycan SSR-in əməkdar, 27 fevral 1954-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. "Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentin tamamlandığı ərəfədə Salyanda qastrolda idi. Mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçub və sənətkar 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olub. I Fəxri xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/A%C4%9Fadada%C5%9F_Qurbanov