Rauf Hacıyev

Rauf Hacıyev

Bəstəkar

BİOQRAFİYA

Rauf Hacıyev 15 may 1922-ci ildə Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Dörd yaşından onu ana tərəfdən qohumu Həsən bəy Zərdabinin ailə qurmayan qızı Qəribsoltan xanım Məlikova götürüb saxlayıb. Rauf Hacıyevin anası, əslən zərdablı olan Nanə xanım da uşaq ikən yetim qalmış, üç yaşından Hənifə xanımın (Həsən bəy Zərdabinin həyat yoldaşı) övladlığa götürdüyü on uşaqdan biri kimi böyüyüb tərbiyə, təhsil almışdı. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Rauf Hacıyevin bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəyovun mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini ("Tarantella", "Dağıstan", "Ləzgihəngi") dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirir və il yarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyir. Onların arasında xüsusilə "Samur", "Mingəçevir", "Gənclik marşı" ona şöhrət gətirib. O, 15-ə qədər filmə musiqi yazıb. Hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur: "Əhməd haradadır", "Mən rəqs edəcəyəm", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Qara daşlar" və s. Bu filmlərdə musiqi obrazlarının dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir. R.Hacıyev 60-cı illərdən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycan Respublikasının Mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qupultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib. Rauf Hacıyev 19 sentyabr 1995-ci ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Rauf_Hac%C4%B1yev

 

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç