Rasim Mirqasım oğlu Ocaqov 22 noyabr 1933-cü ildə Azərbaycanın Şəki şəhərində (Azərbaycan) anadan olub. Uşaqlıqdan foto ilə maraqlanmağa başlamışdı. Həvəskar şəkillər çəkirdi, amma arzusu geoloq olmaq idi. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların necə işlədiklərini görmək üçün yanlarına gedir. Möcüzəli kino aləmi onu özünə elə çəkir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedir və Ümumittifaq Dövlət Kinemotoqrafiya İnstitutununkinooperatorluq fakültəsində (1951-1956, B.Qolovnya və L.Kosmatovun emalatxanası) təhsil alır. Daha sonra M.A.Əliyev adına ADİİ-nun rejissorluq fakültəsini bitirib. 1956-cı ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator, 1973-cü ildən quruluşçu rejissor işləyib. Lentə aldığı "Əsl dost", "Bizim küçə", "Mən rəqs edəcəyəm", "Sən niyə susursan?" və "Skripkanın sərgüzəşti" filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb. Rejissor kimi ilk işi 1975-ci ildə yarımçıq qalmış "Gəncəbasarlı qisasçı" filmini tamamlamaq olur. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmdə o, qəhrəmanların ifaçılarını dəyişir və ssenarini yenidən işləyir. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırır. Film ekranlara çıxanda isə müəyyən iradlar deyilsə də, mətbuatda filmin uğurlu olduğu yazılır. Onun ikinci rejissor işi "Tütək səsi" filmi olur. "Tütək səsi" öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirir. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət", "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən neqativ hallara göz yummamağa çağırır. "Təhminə", "Otel otağı" kimi son filmlərində də ciddi mövzulara toxunur. Rasim Ocaqov "Bizim küçə" filmində Rəna roluna çəkdiyi Sveta Cavadova ilə evlənib. Həmin filmdən sonra isə Sveta Cavadova kinoya həmişəlik vida edir. Cütlüyün iki qızı olub. Rasim Ocaqov 2006-cı ildə Bakıda vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Rasim_Ocaqov