Çingiz Mustafayev
Hərbi jurnalist, Azərbaycanın Milli Qəhrəmanı
Çingiz Mustafayev 29 avqust 1960-cı ildə Həştərxan vilayətinin Axtubinsk rayonunun Kapustin-Yar qəsəbəsində Fuad və Naxış Mustafayevlərin ailəsində anadan olub. 1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Atası onu hərbçi görmək istədiyindən Çingizi Cəmşid Naxçıvanski adına Hərbi Liseyə yollayır. O, burada 3-cü sinifdən 10-cu sinfə qədər təhsil alır. Nəhayət, hərbi məktəbi tərk edib, orta məktəbə daxil olur. 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirir.
Özünü islahatçı-novator görən Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olur. O, Azərbaycanın ilk DJ-i kimi tanınır. 1981-ci ilin sentyabr ayında Mustafayevin başçılığı altında 12 nəfərdən ibarət "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaranır. Anası onu həkim görmək istədiyindən Ç.Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olur, 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirir. Təhsilini başa vuran Ç.Mustafayev təyinatla Şabran rayonunda (keçmiş Dəvəçi) üç il həkim işləyir. Tibb İnstitutunu bitirdikdən sonra o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasına baş həkim təyin edilir.
1983-cü ildə dünyada ilk dəfə olaraq Azərbaycan dilində "Dünənki keçdi" rep janrlı mahnını səsləndirib. 1985-ci ildə yaratdığı "Cəngi" birliyindəki fəaliyyəti Azərbaycan gəncləri arasında populyarlıq qazanır. Birlik Sovet İttifaqında başlanan yeniləşmə prosesinin Azərbaycanda təşəkkül tapan ilk yetkin təzahürü idi.
1990-cı illərdə Azərbaycan televiziyasında "Ekspromt", "Cümə axşamı" verilişlərinin, "Gənclik" estrada tamaşasının və "Ozan" rok qrupunun yaradıcısı olub. 1990-cı il 20 Yanvar hadisələri zamanı Ç.Mustafayev klinikanı terapevt mərkəzi kimi istifadə edirdi. 1991-ci ilin noyabr ayından jurnalist və Azərbaycan Dövlət Televiziyasında reportyor kimi fəaliyyət göstərir. Ancaq o, Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmir. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapır. Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum edirdi. Ona görə də Çingiz əlahiddə olaraq "215 kl" studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı olur. Onun reportajları bir qayda olaraq cəbhədən olduğundan bir çox tamaşaçılar "215 kl" studiyasını məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.
1992-ci ilin iyun ayının 15-də Əsgəran rayonunun Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olur. Kiçik qardaşı Vahid Mustafayevin sözlərinə görə, Çingiz “ABC News” üçün material hazırlayırmış və yaranan çətin vəziyyətə baxmayaraq həmin hücumu çəkib. Minaatandan açılan atəş zamanı Çingiz qəlpələrdən ağır yaralanır, onun sağ ayağının bud sümüyündən arterial damar zədələnir və o, sürətli qanaxmadan döyüş meydanında həlak olur. Lakin Çingiz Mustafayevin kamerası çəkməkdə davam edirdi...
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: