Kristian Çarlz Filip Beyl 30 yanvar 1974-cü ildə Uelsdə (Böyük Britaniya) sənətkar ailəsində anadan olub. Anası balerina, hər iki babası isə aktyor olub. 10 yaşında birinci dəfə səhnəyə çıxan Kris, ilk olaraq məşhur ingilis komiki Rouen Sebastyan Etkinsonun diqqətini çəkib və Etkinsonun "Ağıldan kəm" pyesinə götürüb. Tezliklə balaca Krisi yerli televiziyaya çağıraraq "Anastasiya: Annanın sirri" filminə çəkirlər. Onun böyük kinematoqrafiyadakı debütü 1987-ci ildə baş tutub. Kris Astrid Lindqrenin "Mio, mənim Miom" uşaq nağılının ekranlaşdırılmış versiyasına dəvət alır. Bu filmdə o, baş qəhrəman Mionun dostu Yum-Yum obrazını canlandırır. Amma 13 yaşlı Kris Beyli dünya miqyasına çıxaran kino elə həmin il çəkilmiş Stiven Spilberqin "Günəş imperiyası" filmi olur. Bu filmdəki roluna görə Kristian Beyl ABŞ Kino Tənqidçiləri Milli Şurasının təqdim etdiyi "Görkəmli gənc aktyor" mükafatına layiq görülür. Artıq növbəti ildə o, Şekspirin "V Henrix" əsərinin Kennet Brana tərəfindən ekranlaşdırılmış versiyasında, eləcə də "Xəzinələr adası" televiziya filmində çəkilir. 1992-ci ildə aktyorun karyerasında yeni mərhələ başlayır. Bu vaxtdan etibarən o, sırf yetkin adam rolları oynamağa başlayır. "Qəzetpaylayan" musiqili komediyası bu qəbildən olan ilk film idi. Bunun ardınca o, "Yellənən uşaqlar" və üç "Oskar" mükafatı nominantı olmuş "Kiçik qadınlar" filmlərinə çəkilir. Sonra aktyor "Pokahontas" cizgi filminin səsləndirilməsində iştirak edir. Səsləndirmə sahəsində o, özünü 2005-ci ildə də sınaqdan keçirir. Bu, "Gəzən qəsr" məşhur yapon animasiya filminin Amerika versiyasının çıxdığı zaman baş vermişdi. Kristofer Nolanın "Betmen: Başlanğıc" filmi Kristian Beyli dünyanın birinci dərəcəli məşhur aktyorlarının sırasına daxil edir. 2009-cu ildə "Terminator: Qurtuluş" filminə çəkilir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kristian_Beyl