Piter Morqan
Ssenarist, prodüser
Piter Morqan 10 aprel 1963-cü ildə London şəhərində (İngiltərə) qaçqın ailəsində anadan olub. Atası Artur Morqentau nasistlərin təqibindən qaçmış Almaniya yəhudisi olub, anası Polşada, kommunistlərin hakimiyyətə gəlişindən sonra Britaniyaya pənah aparmış katolik olub. Piter Morqanın 9 yaşı olanda atası vəfat edib. Somerset qraflığının Daunsayd internat-məktəbində oxuyub. Daha sonra Lids Universitetində incəsənət üzrə bakalavr dərəcəsi əldə edib. 1990-cı illərdən etibarən müxtəlif teleproqramlar üçün ssenarilər yazmağa başlayıb. “Rik Mayal təqdim edir” teleşousunun bir epizoduna, daha sonra “Marta haqqında bir neçə söz” (1998) romantik komediyasına ssenari yazıb. Ardınca 2002-ci ildə “Andlılar” teleserialına yazdığı ssenari hesabına müəyyən qədər populyarlıq qazanıb. İlk böyük uğuru ona 2003-cü ildə ekranlara çıxan, Toni Bler və Qordon raun arasında hakimiyyətin bölgüsü ilə bağlı “Qranita” restoranında əldə olunmuş razılaşmadan bəhs edən “Sövdələşmə” (2003) filmi gətirib. Həmin filmin sikveli sayılan “Kraliça” (2006) bioqrafik dramına yazdığı ssenariyə görə ilk “Oskar” nominasiyasına imza atıb. Filmdə şahzadə Diananın qəfil ölümünün Britaniya baş naziri Toni Blerin siyasətinə və ümumilikdə kral ailəsinə təsirindən danışılır. Həmin ssenari ona “Qızıl qlobus” mükafatını qazandırıb, baş rolu oynayan Helen Mirren (2-ci Yelizaveta rolunda) isə ən yaxşı qadın rolu nominasiyasında bir çox kinomüfatları “süpürüb-aparıb” (o cümlədən “Oskar” mükafatı ilə təltif olunub). 2006-cı ildə Ceremi Brokla birgə yazdığı ssenari əsasında kəskin süjetli “Şotlandiyanın sonuncu kralı” filmi ekranlara çıxır. Onlar həmin filmə görə ən yaxşı adaptasiya olunmuş ssenari kateqoriyasında BAFTA mükafatına layiq görülüblər. “Kraliça”, “Şotlandiyanın sonuncu kralı”, “Frost Niksona qarşı”, “Yürüş” filminin və “Tac” teleserialının ssenaristi kimi tanınır. Şəxsi həyatına gəlincə Morqan 1997-ci ildə Çexiyalı siyasətçi və aristokrat Karel Şvarzenberqin qızı Anna Karolina Şvarzenberqlə Londonda evlənib. Birgə nikahdan beş övladları var. 2006-cı ildə Vyanaya köçüblər. 2014-cü ildə isə münasibətlərin korlanması ilə əlaqədar tərəflər yollarını ayırmaq qərarına gəliblər. 2016-ci ildən etibarən Morqan “Məxfi Materiallar” teleserialının ulduzu Ciliyan Andersonla vətəndaş nikahındadır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D0%B3%D0%B0%D0%BD,_%D0%9F%D0%B8%D1%82%D0%B5%D1%80