Natalya Varley
Aktrisa
Natalya Varley 1947-ci ildə Rumıniyanın Konstansa şəhərində anadan olub. Varleyin uşaqlıq illəri Murmanskda (Rusiya) keçib. Hələ dörd yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsm çəkib, həm də musiqi məktəbinə daxil olub. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir. 1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür. Bir gün anası Natalyanı sirkə aparır. Natalya kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün qız valideynlərindən gizlin olaraq göstərilən ünvana gedir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər. Beləliklə, Natalya Varley 1965-ci ildə Dövlət Sirk və Estrada Sənəti məktəbini bitirərək Moskva sirkinin "Rəngli bulvar"dakı truppasına qoşulur. Orada ekvilibrist kimi çalışmağa başlayır. İş elə gətirir ki, bir gün Natalya məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Yengibarov olur. Onun yaxın dostlarından biri Georgi Yunqvald-Hilkeviç Odessa kinostudiyasında rejissor kimi çalışırdı. 1966-cı ildə o, sirkin yeni təqdimetmə mərasiminə gəlir və təsadüfən orada Natalyanı görür. Varley rejissorun o qədər xoşuna gəlir ki, elə o andaca onu çəkəcəyi yeni "Göy qurşağının formulu" filminə dəvət edir. N.Varley razılaşır və ona epizodik tibb bacısı rolu həvalə olunur. Onun bütün SSRİ-də tanınmasına isə sayca ikinci çəkildiyi "Qafqaz əsiri" filmi səbəb olur. Həmin filmdə ona əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolu verilib. Filmin quruluşçu rejissoru Leonid Qaydayın həyat yoldaşı xatırlayır ki, Qayday Nina obrazına olduqca böyük sayda aktrisa sınamışdı. Lakin Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti rejissoru məhz onu seçməyə vadar edir. Film böyük müvəffəqiyyət qazanır və Varley ağlasığmaz məşhurluqla qarşılaşır. Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışır və 1971-ci ildə Şukin adına Teatr məktəbini bitirir. 1971-1978-ci illərdə K.S.Stanislavski adına Moskva Dram Teatrının aktrisası olub. 1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonov və Nonna Mordyukovanın oğlu Vladimir Tixonovla ailə həyatı qurub. Bu izdivacdan onların Vasili adlı oğulları dünyaya gəlib. 1980-ci illərdə Ədəbiyyat İnstitutuna daxil olub və II kursda oxuyarkən ikinci oğlu anadan olub. Lakin ərinin narkotikə qurşanmağı səbəbindən ailə dağılır.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: