Stiven Spilberq
Rejissor, ssenarist, prodüser
Stiven Spilberq 18 dekabr 1946-cı ildə Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında anadan olub. Görkəmli Amerika rejissoru, prodüseri və ssenaristi mənşəcə yəhudidir. "Şindlerin siyahısı" və "Sıravi Rayanı xilas etmək" filmlərinə görə üç "Oskar", iki "Qızıl Qlobus" mükafatı alıb. Həmçinin səkkiz "Emmi" və altı "Saturn" mükafatı qazanıb, bir çox başqa mükafatlara, o cümlədən "Fəxri Legion Ordeni", "Britaniya İmperiyası Ordeni" və "Akira Kurosava mükafatı"na layiq görülüb. Pekin Yay Olimpiya Oyunlarının bədii müşaviri olub. İlk süjetini 12 yaşında çəkib. 13 yaşında müharibə mövzusunda çəkdiyi "Boşluğa qaçış" filminə görə ilk mükafatını alıb. Yeniyetməlik dövründə Spilberq rəngsaz işləsə də, yorulmadan qısametrajlı filmlər çəkib. 20 dəqiqəlik "Emblin" filmindən sonra "Universal" kinokompaniyası ona müqavilə bağlamağı təklif edib. Sonralar o, bir neçə il televiziyada işləyərək teleseriallar çəkib. S.Spilberq böyük ekranda 1974-cü ildə "Şuqarlend ekspresi" filmi ilə debüt edib. Bu film tənqidçilərin müsbət rəyini qazanıb. Lakin rejissor daha çox 1975-ci ildə çəkdiyi "Çənələr" filmindən sonra məşhurlaşıb. Film təkcə ABŞ-da 130 milyon dollar qazanıb. Yalnız bundan sonra onun əsl karyerası başlayıb. Bütün işləri uğurla gedən rejissorun yeganə uğursuzluğu "1941" filmi olub. 80-ci illərdən başlayaraq, Spilberq özünü kinonun bütün sahələrində sınayıb: prodüser, aktyor, ssenarist. 1984-cü ildə Stiven Spilberq ABŞ-ın ən böyük müstəqil kino şirkətlərindən olan "Amblin Entertainment"i yaradıb. Hollivudda onun iştirakı ilə 100-ə yaxın film çəkilib. Rejissorun 1993-cü ildə çəkdiyi "Yur dövrünün parkı" filmi 1 milyard dollar qazanc gətirərək, o dövr üçün bütün rekordları keçib və Hollivudun ən gəlirli filmi elan edilib. Spilberqin həmin il çəkdiyi "Şindleyin siyahısı" filmi yeddi nominasiyada "Oskar"a layiq görülüb. Bu nominasiyalar arasında "İlin filmi" və "İlin rejissoru" da var idi. Spilberqin bir neçə filmi dünyanın ən gəlirli filmləri hesab edilir. Rejissorun son illərdə çəkdiyi filmlərdən birini – beş "Oskar" qazanmış "Sıravi Raynın xilası"nı xüsusi qeyd etmək lazımdır. 1994-cü ilin oktyabrında S.Spilberq D.Katsenberq və D.Geffenlə birgə hazırda dünyanın ən nəhəng və məşhur studiyalarından olan "Dream Works" studiyasını yaradıb. Stiven Spilberq 2000-ci ildə İngiltərə kinematoqrafiyasındakı xidmətlərinə görə, II Yelizaveta tərəfindən "Fəxri cəngavər" tituluna layiq görülüb. Rejissorun arzuları və planları böyükdür. Stiven Spilberq yeddi uşaq atasıdır. Onlardan ikisini övladlığa götürüb. Kaliforniya Universitini bitirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stiven_Spilberq