Yelena Anaya
Aktrisa
Yelena Anaya Qutyerres 17 iyul 1975-ci ildə Palensiya bölgəsində (İspaniya) anadan olub. Atası Madridli mühəndis, anası evdar xanım olub. Üçövladlı ailənin sonbeşiyidir. Böyük bacısı Marina rəssam və heykəltəraşdır. Valideynləri o uşaq olanda boşanıb. Uşaqlığında dərslərinə maraq göstərməsə də, müxtəlif hobbiləri olub. Xüsusilə dağadırmanma və şotokan karate növü ilə məşğul olub (15 illik təcrübəsi var). 13 yaşında olanda Yelena ingilis dilini öyrənmək üçün bir ay İngiltərənin Derbişir şəhərinin Kley-Kross mədənçi qəsəbəsində yaşayıb. Orta təhsili başa vurduqdan sonra müxtəlif vaxtlarda aşbaz və xadimə işləyib. 18 yaşında olanda Madridə yollanıb, ikinci cəhddən Kral Dram İncəsənət məktəbində qəbul olunub. Tələbə olduğu illərdə ilk rolunu rejissor Alfonso Unqriinin “Afrika” filmində oynayıb. Adı çəkilən ekran əsəri 1996-cı ildə böyük ekranlara çıxıb. Yelenanın illər sonra verdiyi açıqlamaya görə, çəkiliş zamanı çox həyəcanlı idi, belə ki, buna qədər aktyorluq təcrübəsi yox idi. Rejissor Fernando Leon De Aranoanın “Ailə” filminin çəkilişləri zamanı sıx iş qrafiki ilə əlaqədar incəsənət məktəbindəki dərslərini buraxmalı olub və nəticədə təhsil müəssisəsindən qovulub. Erkən aktrisalıq işləri arasında “Xüsusi hallar üçün”, “Finisterre, dünyanın bitdiyi yer”, “Qara göz yaşları”, “Silinmiş izlər” kimi filmləri yer alır. 2000-ci illərdə Anaya ispan kinosunun sürətlə yüksələn ulduzlarından birinə çevrilib. “Tanrıdan xəbər yoxdur” adlı komediyada Penelopa Kruz və Viktoriya Abril kimi aktrisalarla tərəf- müqabili olub. 2004-cü ildə beynəlxalq kinodebütünü edib. “Van Helsinq” adlı Hollivud blokbasterində Drakulanın məşuqələrindən birini oynayıb. Elə həmin il “İylənmiş balıq” adlı ingilis-alman trillerində Qari Oldmenin tərəf-müqabili olub. Həmin rol ona “Shooting Stars” mükafatı qazandırıb. 2006-cı ildə Castin Timberleykin “SexyBack” mahnısının videoklipinə çəkilib. Pedro Almodovarın “Dərinin içində yaşayan mən” filmində oynadığı rol Anayaya “Qoya” heykəlciyi qazandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Elena_Anaya