Codi Foster 19 noyabr 1962-ci ildə Los-Anceles şəhərində (Kaliforniya ştatı, ABŞ) anadan olub. Hollivudun məşhur aktrisasıdır. Codi aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə “Walt Disney” studiyasının bir neçə filmində rol alıb. Aktrisanın böyük kinoda ilk rolu “Napoleon and Samantha” (1972) filmi ilə başlayıb. 1974-cü ildə rejissor Martin Skorsezenin “Alice Doesn't Live Here Anymore” filmində rol alıb. Daha sonra “Taxi Driver” (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa, 14 yaşında ilk dəfə "Oskar"a namizəd göstərilib. 1985-ci ildə Codi “ədəbi tənqid” ixtisası üzrə Yel universitetini bitirir. Aktrisa böyük kinoya 1988-ci ildə “The Accused” filmində oynadığı baş rolla qayıdır. Və bu rolu ona “Oskar” mükafatını gətirir. Üstündən üç il keçdikdən sonra “The Silence of the Lambs” (1991) filmində oynadığı rola görə ikinci dəfə “Oskar”a layiq görülür. 1995-ci ildə “Nell” filmindəki roluna görə Codi yenidən "Oskar" namizəd olur, amma mükafatı başqa aktrisa qazanır. Dünya kino tarixində yalnız Codi Foster və Hilari Svank 30 yaşına kimi iki “Oskar” qazanmış aktrisalardır. Codi daha sonralar “Maverick” (1994), “Contact” (1997), “Anna and the King” (1999), rejissor Devid Finçerin “Panic Room” (2002) “Flightplan” (2005), “Inside Man” (2006), “The Brave One” (2007), “Nim's Island” (2008) kimi filmlərində və 2011-ci ildə ekranlara çıxan, özünün də rejissoru olduğu “The Beaver” filmində rol alıb. Foster fransızca sərbəst danışır və bəzi filmləri fransız dilinə özü dublyaj edir. İlk nikahından iki oğlu var. Codi Foster 2014-cü ilin aprelində qadın fotoqraf və aktrisa Aleksandra Hedisonla ailə həyatı qurub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Codi_Foster