Qabriel Yared
Bəstəkar
Qabriel Yared 7 oktyabr 1949-c Beyrutda (Livan) doğulub. 4 yaşından 14 yaşına qədər Beyrutun iezuit məktəbində oxuyub. Məktəbi bitirdikdən sonra hüquq fakültəsinə daxil olub. Fransız və ərəb dillərində fəlsəfəni öyrənib. Əsas təhsilinə paralel olaraq, yeddi yaşından musiqi ilə məşğul olub. İbtidai sinifdə oxuduğu illərdə akkardeon kurslarına gedib, 9 yaşından isə fortepianoda ifanı öyrənib. Müəlliminin onun musiqi sahəsində uğur qazanacağına şübhə ilə yanaşmasına baxmayaraq, bu istiqamətdə fəaliyyətini davam etdirib. Müəlliminin ölümündən sonra Müqəddəs İosif Universitetində onun yerini tutub. Musiqi kitabxanalarında günlərini keçirərək, kompozisiya sənətinin incəliklərini araşdırıb, klassik repertuarı tədqiq edib. 14 yaşında fortepiano üçün vals yazıb. 1966-cı ildə qarışıq xor üçün musiqi bəstələyib. 1968-ci ildə fortepiano trioları üç kompozisiya ərsəyə gətirib. Elə həmin ildən etibarən konsertlər verməyə başlayıb. Ədliyyə üzrə bakalavr dərəcəsi aldıqdan sonra 1969-cu ildə Fransaya yollanıb və orada uğurlu bəstəkar karyerası qurub. Avropa və Amerika istehsalı olan filmlər üçün saundtreklər yazır. Daha çox “İngilis pasiyent”, “İstedadlı Mister Ripli”, “Soyuq dağ”, “Nyu-York payızı”, “1408” və digər filmlərin bəstəkarı kimi tanınır. Bir sıra balet, radio-televiziya verilişləri və reklam çarxlarının musiqisini yazıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AF%D1%80%D0%B5%D0%B4,_%D0%93%D0%B0%D0%B1%D1%80%D0%B8%D1%8D%D0%BB%D1%8C