Robert Dauni (kiçik)
Aktyor
Robert Dauni (kiçik) 4 aprel 1965-ci ildə Nyu-Yorkda (ABŞ) doğulub. Hollivudun ən çox qazanan aktyoru və dünyanın ən məşhur film ulduzlarından biridir. Rol aldığı filmlərdən altısı, 500 milyonun üzərində qazanc gətirib və bunlardan ikisi kino tarixinin ən kommersiyal uğurlu beş filmi sırasındadır. O,1992-ci ildə əfsanəvi komediya ustası Çarli Çaplini canlandırdığı "Çaplin" filmi ilə "Oskar" mükafatına namizəd göstərilib. Robert Dauni 1996-cı ilin avqustunda avtomobili içkili vəziyyətdə sürdüyünə və heroindən istifadə etməyinə görə polislər tərəfindən saxlanılır və 3 il müddətində azadlıqdan məhrum edilir. Narkotikdən asılı olduğuna görə uzun illər sənətdən uzaq qalır. Narkotikdən qurtulduqdan sonra Dauni (kiçik) böyük bir qayıdış edərək, bir-birinin ardınca "Oxuyan detektiv", "Qotika", "Kiss Kiss Bang Bang", "Zodiak", "Xəz" kimi populyar filmlərdə çəkilir. Sonralar çox sevilən "Dəmir Adam" (Iron Man) filmində baş rolu ifa edib, "Şerlok Holms" və ona ikinci "Oskar" namizədliyini gətirən "Tropik fırtına" filmlərində rol alıb. İki dəfə "Oskar" namizədi (1993, 2009), "Emmi" namizədi (2001), iki dəfə "Qızıl Qlobus" qalibi (2001, 2010) və BAFTA mükafatı qalibidir (1993). "Anadangəlmə qatillər", "Qısa keçidlər", "III Riçard", "Birgecəlik məhəbbət" və sair filmlərdə çəkilib. 1992-ci ildən 2004-cü ilə kimi model və müğənni Debora Falkonerlə evli olub. İndio adlı bir oğulları var. İkinci evliliyi "Qotika" filminin çəkilişlərində tanış olduğu prodüser Süzan Levinlə olub. Onların bu nikahdan iki uşağı dünyaya gəlib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: