Donni Yen
Aktyor, prodüser, ssenarist, rejissor
Çjen Szıdan (kinoda daha çox Donni Yen adı ilə tanınır) çinli aktyor, rejissor, prodüser, tryuk və döyüş səhnələri qurucusudur. Donni Yen 1963-cü ildə Kantonda (Çin) anadan olub, ömrünün ilk iki ilini valideynləri ilə orada yaşayıb, daha sonra ailəsi Honq Konqa köçüb. Anası şərq döyüş növləri ilə məşğul olub, atası yerli qəzetdə redaktor işləyib. Sonradan ailəsi “Amerika arzusu”nun dalınca Birləşmiş Ştatlara köçüb. Ailə Bostonda məskunlaşır. Anası özünün uşu məktəbini açır. Gələcəyin aktyoru da anasının məşğələləri hesabına idmana həvəs göstərməyə başlayır. Ancaq bu marağın yaranmasına anasından çox Brüs Li və Çeki Çanın döyüş filmləri təsir göstərir. 20 yaşında olanda o, Bostonun şəhərətrafı rayonunda keçirilən qeyri-leqal qaydasız döyüşlərdə iştirak edib. Bir müddətdən sonra yerli mütəşəkkil dəstələrin başçıları ona diqqət göstərir və onu öz himayələrinə götürürlər. Bəlkə də Donninin anasının vaxtında edilən müdaxiləsi olmasaydı, o, indi tam fərqli həyat yaşayacaqdı. Anasının təkidi ilə Amerikanı tərk edir və doğma vətəninə qayıdır. Bu dəfə Çinin paytaxtı Pekinə yollanır. Bir neçə ildən sonra uşu üzrə milli yığmanın heyətinə düşə bilir. Buna baxmayaraq, bir müddətdən sonra ölkədə olan yaşayışı və şəraiti bəyənməyərək ABŞ-a geri dönmək qərarına gəlir. Evə qayıdan yol Honq Konqdan keçir və o, təsadüfən “Sərxoş Tay Çi” lentinin sınaq çəkilişləri ilə rastlaşır. Kastinqdən keçən Donni baş rolu qazanır. Film prokatlarda uğurlu olur. Kino debütünün müvəffəqiyyətindən sonra Donni Yen ən tələb olunan aktyorlardan birinə çevrilir. “Pələng qəfəsi”, “Qəribə cütlük”, “Kristal ovunda” kimi filmlərə dəvət alır. İştirak etdiyi ən uğurlu layihə isə (həmin illərdə) “Bir dəfə Çində 2” filmi olur. Aktyor filmdə Cet Li ilə baş rola çəkilib. Aktyorun növbəti işləri fərqli uğur göstəricisinə malikdir. Məsələn, “Qəhrəman”, “Şanxay cəngavərləri” və “İp Mən” bioqrafik saqası tənqidçilərin rəğbətini qazanıb və tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb. Ancaq “Xuadu xronikaları: “Qızılgülün ülgücü”, “Yeddi qılınc” kimi filmlərini tamaşaçılar o qədər də bəyənməyib. Yen eyni zamanda özünü rejissor kürsüsündə də sınayıb. “Canavar haqqında əfsanə” və “Güllənin öpüşü” filmlərini lentə alıb. “Güllənin öpüşü” filminə görə Tokio kinofestivalında "Ən yaxşı rejissor" debütü nominasiyasında mükafatlandırılıb. O, həmçinin peşəkar pianoçudur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Donni_Yen